Lənkəran Dövlət Universitetində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb, günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
A.İsgəndərov erməni millətçilərinin əsassız iddialarından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışmış və bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın, bəşərin faciəsidir.
Universitetin tarix və fəlsəfə kafedrasının baş müəllimi tarix elmləri namizədi Rakif İbadov "Xocalıya ədalət Beynəlxalq hüququnun vəzifəsidir" mövzusunda məruzə edib və bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına nail olacağıq.
Universitetin baş müəllimi Qabil Əmənullayev, Dil və ədəbiyyat kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Yədulla Ağazadə, Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Konül Dənziyeva, tələbələrdən Emin Həmidli, Şərqiyyə Rəhimli, Səid İmanzadə və başqaları hadisələrə münasibətlərini bildirib və qeyd ediblər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Sonra Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə ədəbi-bədii kompazisiya göstərilib. Tələbələr oxuduqları şeir və ağılarla Xocalı soyqırımını törədənlərə nifrətlərini bildiriblər.
Fevralın 26-da universitetdə ilk dərslər Xocalı soyqırımına həsr edilib.
Universitetin Elmi kitabxanasında Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi, fakültələrdə stendlər və güşələr təşkil edilib.
Əsrin faciəsi olan Xocalı soyqırımı ilə əlaqədar universitetdə keçirilən aksiyada 1500-dən çox tələbə iştirak edib.
Konfransın materialları və Xocalı soyqırımı ilə əlaqədar universitetdə keçirilən digər tədbirlər internet sayıtında yerləşdirilib.
Universitetin kollektivi həmin gün Lənkəranda Xocalı soyqırımına həsr edilmiş Xatirə abidəsinin önündə gül-çiçək dəstələri düzüb.
Tədbirdə elm, təhsil, mədəniyyət müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Hacı Etibar Əhədov,
Lənkəran Dövlət Universiteti mətbuat və informasiya xidmətinin rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB