Azərbaycan, 2015-ci ilin fevralın 21-22-də keçirilən "Los Anceles Səyahət və Macəra" adlı beynəlxalq turizm sərgisində təmsil olunub. Qeyd edək ki, təxminən 30 mindən çox ziyarətçinin qatıldığı bu sərgi ABŞ-da ən böyük turizm sərgisidir. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən qurulmuş Azərbaycan stendində ölkəmizin turizm imkanları barədə müxtəlif bannerlər və AR Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı nəşrlər vasitəsilə geniş məlumat verilib. Konsulluqdan SİA-ya verilən xəbərə görə, sərgi iştirakçıları ölkəmizin coğrafi mövqeyi, tarixi, dini dözümlülük ənənələri, eyni zamanda zəngin mədəniyyəti barədə hərtərəfli məlumat əldə ediblər. Həmçinin, stenddə quraşdırılmış monitorda Azərbaycanın müxtəlif gözəl guşələrini, əsrarəngiz təbiətini, unikal tarixi və memarlıq abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilib.
Sərgi iştirakçılarının Azərbaycan və onun turistik mərkəzləri ilə bağlı çoxsaylı sualları cavablandırılıb.
Qeyd olunmalıdır ki, stenddə qoyulmuş, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu göstərən "Qarabağ – Azərbaycanın Zinət Tacı" (Karabakh – Crown Jewel of Azerbaijan) başlıqlı banner ziyarətçilərin xüsusi diqqətini cəlb edib. Bannerdə Qarabağın füsunkar təbiət rəsmləri ilə yanaşı, Qarabağ atı, xalçası, Şuşa Qalası, Gövhərağa Məscidi, Gəncəsər Alban Monastrı kimi qədim memarlıq abidələrini, eləcə də Qarabağ muğam məktəbini göstərən rəsmlər əks olunub. Həmçinin, Baş Konsulluq tərəfindən yuxarıda sadalananlar da daxil olmaqla Qarabağa dair müvafiq kitabça hazırlanaraq, sərgi iştirakçıları arasında paylanıb. Kitabçada Qarabağ barədə məlumat verilməklə yanaşı, eyni zamanda Azərbaycanın bu ərazisinin Ermənistan tərəfindən işğal edildiyi qeyd olunur və işğal olunmuş ərazilərə səfərlərin qanunsuz xarakter daşıdığı vurğulanır.
Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB