Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında Suraxanı rayon Gənclər Birliyi tərəfindən Xocalıda həlak olan soydaşlarımızın 23-cü ildönümünə həsr olunan "Hamımız Xocalı" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olub. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törədiblər: "Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulub, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, 487 dinc Xocalı sakini ağır yaralanıb və 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda minlərlə övladını itirib, Azərbaycan xalqı gec-tez Xocalı qətliamını törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəsləyir. Azərbaycan xalqı, onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və əsrlər keçsə belə bu qanlı faciəni unutmaq mümkün deyil. Ümummilli lider Heydər Əliyev bildirmişdir ki, "Bu hadisələri, onların dərslərini unutmağa bizim haqqımız yoxdur"".
Anım tədbirində YAP Suraxanı rayon təşkilatı GB- nin sədri Kənan Kərimov da çıxış edib. O da bir gənc olaraq xalqımızın başına gətirilən dəhşətli faciə haqqında öz fikirlərini bildirib.
K.Kərimov vurğulayıb ki, Xocalı faciəsi bütün Azərbaycan xalqını sarsıdıb, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurub: "Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparıb, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşub, düşmən qarşısında əyilməyib, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazıblar.
Tədbirdə iştirak edən digər gənclər arzu ediblər ki, tezliklə müstəqil, azad Azərbaycanın üç rəngli bayrağı Şuşanın, Xankəndinin, Ağdamın, şəhid olmuş Xocalının başı üzərində dalğalansın. Yalnız o zaman Azərbaycanın mili qəhrəmanlarının, bu yolda şəhid olan oğullarımızın, şəhidlərimizin ruhları hüzura qovuşar.
Tədbirin davamında YAP Suraxanı rayon təşkilatı GB tərəfindən hazırlanan qısametrajlı filim nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB