“Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu”

“Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu”

Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Braziliyadakı Səfirliyi Rio de Janeyro Federal Universiteti ilə birgə bu ilin 24 fevral tarixində adıçəkilən Universitetdə "Hərbi münaqişələrin həllində qanun aliliyinin və ədalətin rolu" mövzusunda tədbir keçirib. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Rio de Janeyro Federal Universitetinin professor və tələbə heyəti, Rio de Janeyro şəhərinin ictimayi-siyasi, elmi-akademik dairələrin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Xocalı soyqırımı haqqında məlumat verərək, Xocalıda baş vermiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxalq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi barədə ətraflı danışıb. O, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə, o cümlədən Braziliyada həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası barədə bəhs edib.

Rio de Janeyro Federal Universitetinin professoru Aleksandr Jebit Xocalı soyqırımının həqiqətlərinin Braziliyada yayımlanmasında bu tədbirin vacibliyini vurğulayaraq erməni təcavüzü nəticəsində Azərbaycanın qarşılaşdığı ağır vəziyyət barədə danışıb.

Sonra səfir E.Sultanov Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti, münaqişənin həlli üzrə danışıqlar prosesi və digər məsələlər barədə tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Tədbirin sonunda iştirakçılara Xocalı soyqırımı haqqında portuqal dilində materiallar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə