Milli valyutamızın dollara nisbətdə dəyərinin ucuzlaşması, eləcə də Mərkəzi Bankın bu barədə qərar qəbul etməsindən sonra bəzi müxalifət dairələri bu amil üzərində spekulyasiyalar edərək, süni ajiotajlar yaradaraq, siyasi dividendlərini artırmaqla məşğuldurlar. Lakin məsələnin iqtisadi tərəfini anlamayan həmin dairələr özləri də nə danışdıqlarını, hansı mövqe sərgilədiklərini bilmirlər. Məhz bu məsələnin əsas tərəflərini öyrənmək üçün millət vəkillərinə müraciət etdik. "SƏS" qəzetinə açıqlama verən Milli Məclisin deputatları manatın dollara nisbətdə ucuzlaşması ətrafında səs-küy qaldıranların haqlı olmadığını deyərək, həmin fikirlərini əsaslandırdılar.
Bəxtiyar Sadıqov: "Çox sevindirici bir haldır ki, Azərbaycan vətəndaşı bunu anlaşıqlı şəkildə başa düşür və qəbul edirlər"
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov sözügedən məsələ ilə bağlı münasibət bildirərək vurğuladı ki, Azərbaycan dünyaya inteqrasiya olunmuş dövlətdir: "Dünyada gedən həm iqtisadi, həm siyasi proseslər Azərbaycanın artıq iştirakilə baş verir. Azərbaycan bu proseslərə müəyyən mənada təsir etmək gücünə malikdir və bu proseslərdən uğurla çıxır, qüdrətini saxlaya bilib və söz sahibi olmaq imkanını əldə edib. Sözsüz ki, bütün bu proseslərdən qüdrətli dövlət kimi çıxmaq heç də düz yolla əldə olunmayıb".
Millət vəkili onu da vurğulayıb ki, Mərkəzi Bankın idarə heyətinin qərarı düzgün və zamanında qəbul olunmuş qərardır: "Azərbaycan öz valyuta ehtiyatlarını qorumaq və daha az itki ilə çıxmaq üçün müəyyən addımların atılması zərurət idi və artıq elə bir addım atılıb. Yəni manatın və dolların kursunda dəyişikliklər baş verib. Bu, dövlətmiz tərəfindən idarə olunan bir prosesdir. Bu məqamda Azərbaycan dövləti ilk növbədə Azərbaycan vətəndaşının mənafeyini qoruyur. Təbii ki, məzənnə dəyişikliyində orta Azərbaycan vətəndaşına o qədər də aidiyyatı olmayan bir prosesdir. Çox sevindirici bir haldır ki, Azərbaycan vətəndaşı bunu anlaşıqlı şəkildə başa düşür və qəbul edirlər. Digər müsbət tərəfləri isə ondan ibarətdir ki, manatın kursu yalnız dolların kursundan asılı olmayacaq və bu, manatın kursunun müəyyənləşdirilməsinə və şaxələndirilməsinə imkan verəcək. Eyni zamanda, məzənnə siyasəti diversifikasiya olunacaq. Əgər nəzərə alınsa ki, Azərbaycan iqtisadiyyatının 60 faizi avrozonaya aid ölkələrin payına düşür, onda bu, Azərbaycanın avrozonaya daxil olan ölkələrə ixrac etdiyi məhsulların rəqabətliliyinə imkan yaradacaq. Nəticədə ölkəmizin avrozonaya ixracının yüksəlməsi və qeyri-neft sektorunda ixrac potensialının artması sürətlənəcək".
Tahir Süleymanov: "Milli valyutamız olan manatın dollara nisbətdə dəyərinin ucuzlaşması milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaradacaq"
Sözügedən məsələ ilə bağlı münasibət bildirən millət vəkili Tahir Süleymanov bildirdi ki, milli valyutamız olan manatın dollara nisbətdə dəyərinin ucuzlaşması milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaradacaq: "Hesab edirəm ki, manatın məzənnəsinin dəyişdirilməsində əsas məqsəd qeyri-neft sektorunda ixrac potensialını artırmaq, bu istiqamətdə aparılan işləri daha da sürətləndirməkdir. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunması, həmçinin əhalinin sosial müdafiəsi baxımından indiki halda milli valyutamızın avroya ekvivalentliyinin təmin edilməsi, yəni 1 manatın 1 avro səviyyəsində saxlanılması daha məqbul və daha praqmatik yanaşma kimi qiymətləndirilməlidir. Bu məsələylə bağlı "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda da vurğulanıb. Məsələn, həmin zaman bildirilib ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Digər tərəfdən, bu, vətəndaşlarımızın gündəlik həyatına ancaq müsbət təsir göstərə bilər. Həmçinin, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycanın güclü və dayanıqlı iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi də inkişaf etməlidir. Məhz bu baxımdan, ixracın inkişafı hazırda da gündəlikdə duran məsələlərdir. Söz yox ki, manatın məzənnəsi də burada önəmli və əhəmiyyətli rol oynayır. Bir daha düşünürəm ki, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank da bu kimi məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat hazırkı vəziyyətindən bahalaşmasın".
T.Süleymanov, həmçinin vurğuladı ki, hökumət, dövlətimiz bu məsələdə öz vətəndaşları barədə düşünür və müvafiq addımlarını atır. Yəni dövlət əhalinin əziyyət çəkməməsi üçün hər kəsə əlverişli şərait yaradıb: "Banklarda kreditlərin əksəriyyəti manatla verildiyinə görə, kredit alan vətəndaşlarımız da hər hansı problemlə üzləşməyiblər. Eyni zamanda, bazar və dükanlarda, marketlərdə hər zamankı kimi gündəlik ərzaq məhsulları bolluq təşkil edir və bu ətrafda spekulyasiya edən bəzi müxalifət qüvvələri sadəcə özlərinin dividendlərini bu kimi qəbulolunmaz yollarla artırmağa çalışırlar. Düşünürəm ki, Azərbaycan xalqı da bu amildən narahat deyil və gələcəkdə qəbul edilmiş bu qərarın nə qədər lazımlı və səmərəli olacağını görəcək, hiss edəcək".
Rəfiqə KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB