Siyavuş Novruzov qanunun adının dəyişdirilməsini təklif edir

Siyavuş Novruzov qanunun adının dəyişdirilməsini təklif edir

Milli Məclisin bu gün keçirilən iclasında "Elm haqqında" qanun layihəsinin müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müzakirə olunan qanun layihəsinin adının dəyişdirilməsi təklifi ilə çıxış edib.

S. Novruzov hesab edir ki, bu qanunun adı "Elm və Təhsil" olsaydı, daha məqsədə uyğun olardı: "Təhsilin ən yüksəsk nöqtəsi elmdir. Yəni təhsillə elm bir-birinin davamıdır. Ona görə də, gələcəkdə qanun adı və tərkibi qeyd etdiyim şəkildə dəyişdirilsə, daha çox xeyir verə bilər, nəinki hər sahəyə ayrı-ayrılıqda qanun. Buna misal kimi "Seçki Məcəlləsi"ni göstərə bilərəm. Çünki məcəllədə hər bir seçki üçün ümumi və xüsusi müddəalar var. Yəni, "Təhsil" və "Elm" haqqında qanunun ümumi müddəalarını birləşdirərək, xüsusi müddəalarda ayrı-ayrılıqda göstərməklə bu məsələni həll etmək olar".

S. Novruzov bildirib ki, qanunda qeyd olunan hərbi xidmətdən möhlət hüququ ilə bağlı müddəa qanunun konfidensiyasına uyğun gəlmir: "Bu müddəanın salınması ilə qanun başqa bir qanuna müdaxilə edir. Bu müddəa "Hərbi çağırışın əsasları" haqqında qanuna aiddir. Orada göstərilir ki, kimlərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Bu müddə tamamilə başqa bir qanuna aiddir və hesab edirəm ki, ikinci oxunuşda buradan çıxarılmalıdır".

Millət vəkili vurğulayıb ki, elmin o zaman inkişafı olacaq ki, onun tətbiqi olsun: "Elmin tətbiqi yoxdursa, kimsə özünə doktorluq dissertasiyası yazıb təsdiq etirir və sandığa qoyursa, bunun cəmiyyətə nə xeyri var? Bunun nə mənası var? Bundan başqa humanitar sahəni çıxmaq şərti ilə dəqiq elm gəlir gətirmirsə, o elmlə məşğul olmağa ehtiyac yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə