Bakıda ÜGT seminarı keçirilir FOTO

Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasında risklərin idarə edilməsi və dəyərləndirilməsi mövzusunda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) seminarı işə başlayıb. Komitədən SİA-ya verilən məlumata görə, ÜGT-nin nümayəndəsi Oğuz Önal və Türkiyə Gömrük Xidmətinin Risk Analizləri İdarəsinin rəisi Halilibrahim Bozkuşun apardığı seminarda Dövlət Gömrük Komitəsinin 20-yə yaxın əməkdaşı iştirak edir. Seminarın açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı tədbirin təşkilinə görə ÜGT və Türkiyə Gömrük Xidmətinin rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanın son illərdə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirdiyini diqqətə çatdıran Baş İdarənin rəisi bunun da daşınmaların həcmini və dolayısıyla gömrük sahəsində hüquqpozma hallarının artması ehtimalını gücləndirdiyini qeyd edib. Riskləri minimuma endirmək üçün Azərbaycan gömrüyünün daim müasir texnologiyalar və qabaqcıl təcrübədən yararlandığını söyləyən G. Muradlı bu istiqamətdə təşkil olunan seminarın da əhəmiyyətini vurğulayıb.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən ÜGT-nin nümayəndəsi Oğuz Önal Bakıda olmaqdan məmnunluq duyduğunu bildirib. Qonaq risklərin idarə edilməsinin müasir gömrük sisteminin ən vacib ünsürlərindən biri olduğunu və gömrük hüquqpozmalarına qarşı mübarizədə üstünlüklərini diqqətə çatdırıb.

Türkiyə Gömrük Xidmətinin Risk Analizləri İdarəsinin rəisi Halilibrahim Bozkuş ölkəsində risklərin idarə edilməsinin tətbiqinə 15 il əvvəl başlandığını, bu sahədə Avropa təcrübəsindən yararlandıqlarını, əldə etdikləri bilik və bacarıqları azərbaycanlı gömrükçülərlə paylaşmaqdan məmnunluq duyduqlarını bildirib.

Qeyd edək ki, seminar fevralın 26-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...