İslam Konfransı Gənclər Forumundan (İKGF) verilən xəbərə görə, hal-hazırda İndoneziyada İKGF-nin dəstəyi ilə "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
Fevralın 22-si tarixində, İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi olan "İstiqlal" məscidində "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü il dönümünün anım mərasimi keçirilmişdir.
"İstiqlal" məscidində camaat namazı zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak etmişlər. "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyasının İndoneziya üzrə koordinatoru İmas Choirun Nisa Fujiati və həmyerlimiz Elmar İskəndərov Ermənistanın işğalçı siyasətinin agır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, "Xocalıya Ədalət" kampaniyasının məram və məqsədləri haqqında daha ətraflı məlumtalandırmışlar.
Kampaniyanın fəalları həmçinin camaat namazına gələn insanları Xocalı üçün Ədalət naminə, növbəti gün Cakartanın mərkəzində keçiriləcək "Böyük Yürüşdə" iştirak etməyə çağırmışdır. Qeyd etmək lazımdır ki, camaat namazları zamanı "İstiqlal" məscidində on minlərlə insan iştirak edir. Camaat namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləmiş və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildirmişlər.
Fevral ayının 23-də isə "İndoneziya" otelinin qarşısında İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində "Xocalıya ədalət – Unudulmuş İnsanlıq Faciəsi" adı altında yürüş aksiyası keçirmişlər. Sözügüdən tədbirdə çıxış edən İKGF-nin İndoneziyadan olan İdarə Heyətinin üzvü Taufik Lubis bunları söyləmişdir: "İndoneziya hökuməti president Coko Vidodo vasitəsilə Azərbaycanın Xocalı şəhərində soyqırım baş verdiyini qəbul etməli və münaqişə ilə bağlı BMT və İƏT qətnamələrinin həyata keçməsinə dəstək göstərməlidir". Taufik Lubis eyni zamanda İndoneziya gənclərinin imzaladığı, Xocalı faciəsini "insanlığa qarşı cinayət" və "soyqırım" kimi tanımağa çağıran və dünya ictimaiyyətinə ünvanlanan petisiyanı ölkə prezidenti və Nümayəndələr Palatasına təqdim ediləcəyini söyləmişdir.
İndoneziyada keçirilən etiraz tədbirlərində Müsəlman Tələbələr Assosiasiyası və İndoneziya İslam Gənclər Hərəkatı kimi aparıcı gənclər təşkilatlarının fəalları da iştirak etmişlər. Gecə saatlarında isə gənclər kampaniyanın bu il elan etdiyi "Yalanla mübarizə üçün alov yandır" (Light a Fire to Fight the Liar) devizi altında Xocalı faciəsində qətlə yetirilmiş 63 uşağın ruhunun xatirəsinə ehtiram əlaməti olaraq ölkə parlamentin önündəki meydanda 63 şam düzmüşlər. İndoneziyada bu günlərdə Xocalı ilə bağlı keçirilən tədbirlər mətbuatda geniş işıqlandırılmışdır.
"Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB