"Televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər edilib

"Televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Televiziya və radio yayımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub. SİA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, qanun layihəsində edilən dəyişiklikdən sonra yayımçıların məsuliyyəti və bu sahəyə nəzarət edən orqanın səlahiyyətləri artacaq.

Komitə sədri əlavə edib ki, qanunu pozan yayımçı məsuliyyətə cəlb olunacaq.

Məsələyə münasibət bildirən millət vəkili Elmira Axundova deyib ki, dövlətin ideologiyasına qarşı və ya anti-bəşəri ideaları yaymağa cəhd edilməsi zamanı yayımçının məsuliyyət gözləyir: "Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması olduqca önəmlidir. Amma diqqəti bir məsələyə yönəltmək istəyirəm. Milli, mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb. AZTV, İTV və ANS-i çıxmaq şərti ilə digər televiziyalarda daha çox şit, ucuz, bayağı verilişlər verilir. Cəmiyyət da bundan narazıdır".

Elmira Axundova əlavə edib ki, telekanallarda sosial reklamlar yoxdur.

Millət vəkili diqqətə çatdırıb ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir. "Milli ruhda, vətənpərvər ruhda, seriallar, filmlər çəkilmir. Yalnız Vahid Mustafayev bu sahədə işlər görür. O, Xocalı soyqırımı və 20 yanvar faciələri ilə ilə bağlı filmlər çəkib".

Elmira Axundova söyləyib ki, ölkə kanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir: "Hesab edirəm ki, MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir. Kanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Bizim milli qəhrəmanlarımız haqqında verilişlər olmalıdır. Azərbaycanın keçmişi və xalqımızın başına gələnlərlə bağlı filmlər çəkilməlidir. Ümumiyyətlə şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilməlidir. Bunun əvəzinə isə sosial reklamlar çəkilməli və kanallarda təbliğ edilməlidir".

Nizami Cəfərov isə MTRŞ haqqında deyilənlərlə razılaşmayıb: "Həm də televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyətlərinə aid deyil.Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir".

Deputat Yaqub Mahmudov qeyd edib ki, MTRŞ-nı tənqid etmək doğru deyil. "Televiziya və Radio Şurasında kifayət qədər ziyalılar var və işlər görülür",- deyə Yaqub Mahmudov bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə