Qanunsuz ov etdi 1000 manat cərimələndi

21-24 fevral 2015-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində ov edən Bakı şəhər sakinləri Ehtiram Məcidov, Rövşən Əliyev və Vaqif Quliyev saxlanılıb. Onlardan 3 ov tüfəngi, 34 patron götürülərək qanunamüvafiq qaydada akt, protokol tərtib edilib və qanun pozucularının hər biri 1000 manat məbləğində cərimə olunub.
Qaradağ rayonu ərazisində keçirilən növbəti reyd zamanı isə ov edən 2 nəfər naməlum şəxs saxlanılaraq onlardan 2 ov tüfəngi, 249 patron götürülüb və qanunamüvafiq qaydada akt tərtib olunub. Sənəd təqdim etməyən qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Qaradağ Rayon Polis Şöbəsinə müraciət edilib.
Masallı rayon Qızılağac kəndi ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan naməlum şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 28 patron, 3 qanunsuz ovlanmış quş götürülərək qanunamüfaviq qaydada akt tərtib olunub.
Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və qanunvericiliyə uyğun tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbəsinə müraciət olunub.
İlisu Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı isə ov edən Qax şəhər sakini Xeyirbəy Ramazanov saxlanılaraq ondan 2 ov tüfəngi götürülüb. Faktla bağlı akt və protokol tərtib olunaraq qanun pozucusu 1000 manat məbləğində cərimə edilib.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə