Naxçıvan Muxtar Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il fevral ayından start götürən müsahibə mərhələsi 4 gün davam edib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində keçirilən müsahibə turunda laborant və tibb bacılarına ixtisaslarına aid, habelə onların praktik bilik səviyyəsini və peşə vərdişini müəyyən edən suallar verilib.
Müsahibələr açıq, hər bir mütəxəssislə fərdi qaydada 30 dəqiqə müddətində aparılıb. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nümayəndəsinin iştirakı ilə keçirilən müsahibənin şəffaflığı təmin edilib.
Müsahibədən sonra imtahan komissiyasının üzvləri verilən cavabları müzakirə edərək ümumi rəy əsasında müsahibənin nəticələrini elan ediblər. 164 nəfər sertifikasiya imtahanını uğurla başa vurub. 4 nəfər imtahanda iştirak etməyib.
Səciyyəvi cəhət budur ki, sertifikasiya imtahanları tibb bacılarının hazırlığına öz müsbət təsirini göstərdiyindən zəruri həddi keçə bilməyənlərin sayı get-gedə azalır. Növbəti imtahanda onların sayı xeyli azalaraq cəmi 18 nəfər olub. Onlar müəyyən hazırlıq müddətindən sonra yenidən sertifikasiya prosesinin müsahibə turunda iştirak etməli olacaqlar.
Qeyd edək ki, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılmasına 2011-ci ilin sentyabr ayından başlanıb və ötən dövr ərzində imtahanlarda iştirak edən 530 həkimdən 482-si, 298 orta tibb işçisindən 135-i şəffaf şəraitdə test imtahanlarını verib, müsahibə mərhələsini də uğurla başa vuraraq növbəti beş il üçün sertifikat alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB