Kölndə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası

Kölndə Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası

Azərbaycan diasporunun nümayəndələri Almaniyanın Köln şəhərinin mərkəzində yerləşən Dom kilsəsinin qarşısındakı meydanda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar etiraz aksiyası keçiriblər. Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Mədəniyyət Evinin təşkil etdiyi mitinqdə azərbaycanlılarla yanaşı, bu şəhərdə yaşayan türk icmasının nümayəndələri də iştirak ediblər.

Meydanın mərkəzində qurulmuş tribunada Alman Azərbaycan Mədəniyyət Evinin rəhbərləri səsgücləndiricilər vasitəsilə alman, ingilis, fransız və türk dillərində Azərbaycan həqiqətləri, Xocalı soyqırımı ilə bağlı çıxışlar ediblər. Aksiya iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları tutaraq "Xocalıya ədalət!" şüarları səsləndiriblər.

Tədbirin keçirildiyi meydanda, həmçinin sərgi-çadır qurularaq ermənilərin 23 il əvvəl Xocalıda törətdiyi vəhşilikləri əks etdirən fotolar, informativ plakatlar, kitablar, broşürlər nümayiş etdirilib. Aksiya çərçivəsində yerli sakinlərə və Dom meydanını ziyarət edən çoxlu sayda turistə Xocalı həqiqətlərindən danışılıb, onlara bu faciədən bəhs edən materiallar paylanılıb.

250 nəfərdən çox insanın iştirak etdiyi tədbir Alman Azərbaycan Mədəniyyət Mərkəzi, Türkiyə Gənclik Birliyi və digər təşkilatların dəstəyi ilə baş tutub./azertag.az/

Bütün xəbərlər Facebook səhifəmizdə