Sidneydə Xocalının anım tədbiri FOTO

Sidneydə Xocalının anım tədbiri  FOTO

Fevral ayının 22-də Avstraliyanın Sidney şəhərində Xocalı Soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanlı Tələbə və Məzunların Avstraliya Təşkilatı (ATMAT) tərəfindən xatirə şahmat turniri keçirilmişdir. SİA-nın əldə etdiyi məlumata görə, tədbirin əvvəlində çıxış edən təşkilat nümayəndələri 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıblar.

Vurğulanıb ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız və günahsız əhaliyə qarşı tarixdə görünməmiş qəddarlığa əl atıblar. Həmçinin, tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu soyqırım yalnız Azərbaycan xalqının deyil, o cümlədən bütün dünya xalqlarının faciəsidir. Harda olmasından aslı olmayaraq bütün Azərbaycanlı gənclər bu soyqırımın unudulmaması üçün əllərindən gələni etməli və dünya ictimaiyyətinə Xocalı soyqırımının əsl mahiyyətini çatdırmalıdırlar.

Daha sonra şahmat turnirinə start verilib. Gərgin mübarizə şəraitində keçən turnirdə ilk yeri Türkiyə vətəndaşı Kerem Aysöyüt, 2-ci yeri Avstraliyada təhsil alan azərbaycanlı tələbə Rəşad Rəhimli, 3-cü yeri isə Avstraliya vətəndaşı olan Kris Qarvi tutmuşdur. Qaliblərə Xocalı soyqırımı və Azərbaycanın milli-mənəvi sərvətləri ilə bağlı məlumat kitabçaları, eləcə də, şahmat dəstləri təqdim olunmuşdur.

Qeyd edək ki, Azərbaycanlı Tələbə və Məzunların Avstraliya Təşkilatı (ATMAT), 2014-cü ildə təsis olunmuşdur. Təşkilatın başlıca məqsədləri, Avstraliyada təhsil alan azərbaycanlı tələbələr arasındakı əlaqələri möhkəmləndirmək, onlara təhsil və ictimai həyatlarında dəstək olmaq, eləcə də, fəaliyyət və tədbirlər vasitəsilə Azərbaycanı təmsil etməkdir. Təşkilatın fəaliyyət sahəsi həmçinin Avstraliya universitetlərinin məzunlarını və Avstraliyada təhsillə maraqlanan hər bir azərbaycanlını əhatə etməkdədir. Təşkilat yaxın keçmişdə qurulmağına baxmayaraq, artıq öz tədbirləri vasitəsilə bir çox azərbaycanlı gənci bir yerə toplamağa nail olmuşdur.

Murad BAXŞƏLİYEV,

Sidney Makkuori Universitetinin beynəlxalq biznes və münasibətlər üzrə magistri

Avstraliya, Sidney

Bütün xəbərlər Facebook səhifəmizdə