Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasında (AHİK) Xocalı Soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra AHİK-in sədrinin müavini Cavanşir Alxasov tədbiri açaraq ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib. Beynəlxalq ictimaiyyətin bu soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyini vurğulayıb: "Bu soyqırımı nəticəsində Xocalının dinc sakinləri misli görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib. Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirilməlidir. Dünyanın sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı haqqında acı həqiqətləri bilməli, insanlığa qarşı törədilmiş bu cinayət siyasi-hüquqi qiymətini almalıdır.
C. Alxasov deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Qarabağ probleminin həlli ilə bağlı Prezident İlham Əliyevin fəaliyyətini tam müdafiə edir, bu problemin sülh yolu ilə həll olunmasına tərəfdardır: "Lakin qarşı tərəfin danışıqlarda saxta mövqeyi bizi qane edə bilməz. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarından istifadə etmək, o cümlədən torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüququndan istifadə edəcəkdir. Buna beynəlxalq hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və siyasi iradəsi imkan verir.
"Bu günədək dünyada mövcud olan ikili standartlar erməni qəsbkarlarının Xocalıda törətdikləri faciənin dünya dövlətləri tərəfindən soyqırım kimi tanınmasına maneçilik törədir. Lakin Azərbaycan Respublikasının siyasi rəhbərliyinin, o cümlədən xaricdəki diplomatlarımızın apardıqları gərgin işin nəticəsində İslam Konfransı Təşkilatı Xocalı faciəsi ilə bağlı xüsusi qərar qəbul edib. Bir sıra dünya ölkələrinin, o cümlədən Meksika, Pakistan, Kolumbiya, Çexiya Parlamentləri və digərləri əsil obyektivlik nümayiş etdirərək XX əsrin ən böyük soyqırımı olan Xocalı faciəsini müzakirə edib tanıyıblar. Eyni zamanda ABŞ-ın Massaçusett, Texas, Nyu-Cersi və Corciya ştatlarının nümayəndələr palatası da faciəni qətliam kimi tanıyıblar. – C. Alxasov bildirib.
Anım mərasimində çıxış edən tarix elmlər doktoru Vəkil Həsənov deyib ki, Xocalı Faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Tədbirin davamında digər natiqlər də Xocalı Soyqırımı ilə bağlı geniş çıxışlar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB