Ankarada Xocalı soyqırımı qurbanları anıldı FOTOLAR

Fevralın 21-də INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı "Empathy 2015" tədbiri həyata keçirilib.

SİA-nın Azərbaycan səfirliyindən aldığı məlumata görə, tədbirin açılış hissəsində Xocalı soyqırımına həsr olunmuş slayd nümayiş etdirilib. Tədbir zamanı Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Xocalı soyqırımının ermənilərin uzun illərdən bəri Azərbaycan və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu bu çərçivədə Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan xalqının dinc həyatına, mənəvi sabitliyinə qarşı yönəldilmiş məqsədyönlü təcavüz olduğunu qeyd edib. Həmçinin, tədbirdə INDEX qurumunun sədri Rəşad Abdullayev, Türkiyə Respublikasının prezidentinin sözçüsü İbrahim Kalın, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Xocalı sakini Rəşad Zeynallı çıxış edib. Çıxışlar zamanı 1915-ci ildə Anadolu torpaqlarında törədildiyi iddia edilən qondarma "erməni soyqırımı" böhtanlarına qarşı "Empathy" layihəsi vasitəsilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması naminə bütün səylərin səfərbər ediləcəyi, Türkiyə xalqının daimi olaraq Azərbaycan ilə həmrəy olduğu, Cənubi Qafqazda sülhün təmin olunması üçün Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin zərurəti və Xocalı soyqırımının insanlığa qarşı törədilmiş hərbi cinayət olduğundan irəli gələrək dünya ictimaiyyətinin bu məsələyə biganə qalmağa haqqı olmadığı vurğulanıb.

Tədbirdə, Səfirliyin əməkdaşları, çox sayda elm adamları, Ankaradakı diplomatik korpusun nümayəndələri, KİV təmsilçiləri, görkəmli şəxsiyyətlər, elm və mədəniyyət xadimləri, Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, Ankarada təhsil alan tələbələr və ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.

Qeyd edək ki, Empathy 2015 layihəsinin əsas məqsədi Ermənistanın qondarma "erməni soyqırımı" iddiaları qarşılığında Azərbaycan və Türkiyənin birgə yaşadığı ağrıları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Həmçinin, sözügedən tədbir zamanı INDEX qurumunun sifarişi ilə 4 ölkədən 300 nəfər mütəxəssisin iştirakı ilə nümayiş etdirilmiş Xocalı slaydında dünyada ilk dəfə nano-texnologiyadan istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə