Qar Lerik-Lənkəran yolunda ciddi fəsadlar yaradıb

Qar Lerik-Lənkəran yolunda ciddi fəsadlar yaradıb

Bir neçə gündür ki, yağan intensiv qar Lerik-Lənkəranda ciddi problemlər yaradıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Lerik-Lənkəran yolunun 40-cı kilometrliyinə güclü qar ağacları aşırıb. Bir neçə mikroavtobus və 10-dan çox minik maşını yolda qalıb.

Əraziyə yağan güclü qar nəticəsində həmçinin elektrik xətləri də sıradan çıxıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikovun verdiyi məlumata görə, fevralın 17-dən başlayan intensiv yağıntı bir sıra problemlərə səbəb olub. Belə ki, Hamarat kəndi ərazisindəki, eləcədə Yardımlı-Masallı yüksək gərginlikli hava xətlərində qəza baş verdiyindən fevralın 20-dən günorta saatlarından Lerik şəhəri də daxil olmaqla, rayonun bütün yaşayış məntəqələri işıqsız qalıb. Lənkəran-Lerik şosesinin 29-cu kilometrliyində isə irigövdəli ağaclar kökündən çıxaraq, yola düşdüyündən nəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər yaranıb. Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikasının müdaxiləsindən sonra yolda vəziyyət qaydasına düşüb. Hazırda Lerik-Lənkəran yolu qardan və yıxılmış ağaclardan təmizlənir.

Qeyd edək ki, qarın hündürlüyü Lerik şəhərində 55-60, ucqar ərazilərdə isə 70-80 santimetr təşkil edir.

Hazırda cənub bölgəsində qar yağmaqda davam edir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə