Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımı anılıb

Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımı anılıb

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdən öncə İnstitutun Gənc alim və Mütəxəssislər Şurası, Həmkarlar Təşkilatı və "Heydər Əliyev məktəbi"nin üzvləri Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edib, abidə önünə əkil qoyublar. Tədbiri açan elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərini dünya elmi ictimaiyyətinə çatdırmağın vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə rus və ingilis dillərində kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir. Direktor Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən etibarən həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının məqsədyönlü fəaliyyət istiqamətlərindən də danışıb. Müasir fəlsəfə problemləri şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyin İbrahimov Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu dilə gətirib. O, 1990-1992-ci illərdə ölkədə olan siyasi vəziyyətdən, faciənin baş vermə səbəblərindən bəhs edib.

Dövlət və Hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses şöbəsinin müdiri, hüquq elmləri doktoru, prof. Habil Qurbanov beynəlxalq arenada Xocalı faciəsinə obyektiv qiymət verilmədiyini söyləyib. Alim Qarabağ hadisələrinin iştirakçısı olmuş, erməni yazıçı-şairi Zori Balayanın "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalı faciəsi ilə bağlı yazdığı etirafları da səsləndirib. Tədbirin davamında İnstitutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, prof. Bəhram Zahidov, Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev Dağlıq Qarabağ münaqişəsi mövzusunda dolğun faktlara əsaslanan elmi araşdırmalar yazmaq barədə təkliflərini irəli sürüblər. Sonda Xocalı faciəsi haqqında film nümayiş olunub və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə