Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) 2014-cü ilin yekunlarına dair hesabat məruzəsi dinlənilib. SİA-nın məlumatına görə, hesabat ilində humanitar və ictimai elmlər sahəsində aparılan elmi və tətbiqi tədqiqatlardan danışan bölmənin akademik-katibi, akademik Teymur Kərimli perspektiv istiqamətlər üzrə mühüm nəticələrin əldə olunduğunu vurğulayıb. Eyni zamanda T.Kərimli bölmənin AMEA-da aparılan islahatlar, araşdırmaların beynəlxalq elmi-tədqiqat işlərinin səviyyəsinə uyğunlaşdırılması, gənclər siyasətinin dəstəklənməsi, elm və təhsilin inteqrasiyası istiqamətində bir çox işlərin görüldüyünü bildirib.
Hesabat ilinin uğurlu nəticələrindən bəhs edən akademik-katib qeyd edib ki, bölmənin müəssisələrində 19 istiqamət üzrə 57 problemi əhatə edən 202 mövzu ilə bağlı tədqiqatlar aparılıb, 33 mövzu tamamlanıb. Bildirib ki, bölmənin elmi müəssisə və təşkilatlarında çalışan elmi işçilərin 121 nəfəri elmlər doktoru, 412 nəfəri isə fəlsəfə doktorudur. 2014-cü ildə doktoranturaya 36 nəfər qəbul olunub. İnstitutlarda fəlsəfə doktorluğü üzrə 69 və elmlər doktorluğu üzrə 7 dissertasiya müdafiə edilib, 15 elmlər doktoru və 55 fəlsəfə doktorunun dissertasiyası isə müdafiəyə hazırlanıb. Bu il bölmə üzrə 65 doktorant və 479 disertant təhsilini başa vurub. Hazırda bölmənin institutlarında 174 əyani, 202 qiyabi doktorant təhsilini davam etdirir.
Sonra hesabatda elmi nəşrlərlə bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, ötən ildə bölmənin elmi müəssisələrində çalışan əməkdaşlar tərəfindən 10-u xaricdə olmaqla 173 kitab, 13-ü xaricdə olmaqla 154 monoqrafiya, 32 elmi-kütləvi nəşr və dərslik çapdan çıxıb. İnstitutlarda çalışan əməkdaşların 2723 məqaləsi və 366 tezisi nəşr edilib, həmçinin 577 məqalə xarici jurnallarda çap olunub.
2014-cü ildə aparılan elmi tədqiqat işlərinin iqtisadiyyata tətbiq olunması məqsədilə bölmənin İqtisadiyyat İnstitutu tərəfindən müvafiq nazirliklər, təşkilatlar və ali təhsil müəssisələrinə tətbiq olunması üçün 15 elmi-tədqiqat işi göndərilib və müsbət rəy alınıb. Bundan başqa bölmənin elmi tədqiqat müəssisələri tərəfindən müsabiqəyə 27 layihə təqdim edillib. İclasda bölmə üzrə əks olunan əsas elmi nəticələr və statistik məlumatların Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB