Göygöl Elektrik Şəbəkəsinin əməkdaşları yoxlamalara başlayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mütəmadi aparılan reydlər hesabına istehlakçıların qeyri-qanuni olaraq sayğaclara müdaxilə hallarının və digər qayda pozuntularının qarşısını almaq nisbətən mümkün olub. Görülən tədbirlər nəticəsində rayonda 470 qanun pozuntusu aşkar edilərək aktlaşdırılıb. Cari il ərzində isə keçirilən analoji reydlər zamanı 4 neqativ hal aşkar edilib.

Qeyd edək ki, abonentlərin qanunsuz müdaxiləsi əsasən qeyri smart sayğaclarda rast gəlinir. Qayda pozuntularının qarşısının alınması istiqamətində həyata keçirilən əsas tədbirlərdən biri də elektrik enerjisi satışının kart sistemi vasitəsilə həyata keçirməkdir. Hazırda rayon üzrə 15 min abonent elektrik enerjisindən istifadə edir ki, bunlardan da 5400 nəfərin mənzilinə smart sayğaclar quraşdırılıb. Rayonun yay aylarında elektrik enerjisinə olan tələbatı 6-7 milyon kilovat/saat qış aylarında 9-11 milyon kilovat/saata təşkil edir. Rayon üzrə abonentlərin ödənişə cəlb olunması isə 95 faizdir. Qanunsuz müdaxilələrə qarşı yoxlamaların aparılması israfçılığın qarşısını almağa və ödəniş səviyyəsini qaldırmağa hesablanıb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə