Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda beynəlxalq konfrans keçiriləcək

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) mayın 7-8-də Bakıda nəzərdə tutulmuş Baş Assambleyası ərəfəsində "Kiçik və orta müəssisələrdə beynəlxalq maliyyə hesabatı, etika və audit standartlarının tətbiqi: problemlər və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Auditorlar Palatasından verilən məlumata görə, konfransda Avropada kiçik və orta ölçülü müəssisələrdə mühasibat uçotunun və auditin xüsusiyyətləri, problemləri və imkanları, həmin müəssisələrdə beynəlxalq audit və maliyyə hesabatları standartlarının və etika məcəlləsinin tətbiqi, onların hesabatlılığında şəffaflığın təmin edilməsi, maliyyə cinayəti və çirkli pulların yuyulması, mühasibat və audit peşəsi ilə bağlı qarşıya çıxan problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılacaq.

İyirmiyə yaxın Avropa ölkəsinin iştirak edəcəyi tədbirdə qonaqlar Azərbaycanda həyata keçirilən geniş quruculuq işləri ilə tanış olacaqlar. Onlara respublikamızın Avropada ən qabaqcıl ölkələr sırasına çıxması və regional mərkəzə çevrilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü siyasətin beynəlxalq aləmdə tanınması barədə geniş məlumat veriləcək.

Tədbirdə EFAA-nın üzvü olan ölkələrin nümayəndələri ilə yanaşı, Auditorlar Palatasının əməkdaşlıq etdiyi yerli dövlət və sahibkarlıq qurumlarının, eyni zamanda xarici audit və mühasibatlıq qurumlarının nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə