4 ildə Gəncə necə dəyişdi? FOTOLAR

Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə bu gün Qafqaz bölgəsinin ən gözəl şəhərinə çevrilib. 4 il əvvəlki Gəncə ilə bugünkünü müqayisə edəndə heyrətlənirsən. Gözlərimizin qarşısında yaranan bu möhtəşəmliyin sehrinə düşürsən. Uzun illərdən bəri yığılıb qalmış problemlərin belə tez, kompleks şəklində həllinin, Gəncənin intibahına imza atdığının şahidi olursan.

Gəncədə şəhər təsərrüfatının daim yeniləşdirilməsi, bütün sahələrdə idarəçiliyin dinamik və çevik olması, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin sosial qayğılarının həlli daim diqqət mərkəzindədir. Şəhər İcra Hakimiyyəti Başçısının bu istiqamətlərdə atdığı addımlar olduqca təqdirəlayiqdir və gəncəlilər tərəfindən böyük razılıqla qarşılanır.

Sürət və tərəqqi yolunun göstəriciləri isə yeni inşa edilən möhtəşəm abidə-tikililər, təməli Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən qoyulmuş əzəmətli tikililər, eləcə də, gözəl, geniş küçələr, səliqəli səkilər, ən sivil şəhərlərə məxsus kommunikasiya xətləri, böyük yaşıllaşdırma işləri, gecə işıqlandırmaları, əzəmətli Nizami məqbərəsi, Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Abidə-kompleksi, istinad divarları, Şəhidlər Xiyabanı, açıq muzeyi xatırladan Cavad xan küçəsindəki quruculuq, Heydər Əliyev Mərkəzi və park kompleksi, Bayraq meydanı, Nəriman Nərimanov parkı, Xəmsə abidə kompleksi, Uşaq Yaradıcılıq Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Gəncəvi Muzeyi, zövqoxşayan fontanlar, güllər, çiçəklər, ilin hər fəslində yaşıl olan qazonlar və s. oldu. Həsrətində olduğumuz şəhərin Baş planının yaradılması, su və kanalizasiya xətlərinin müasir standartlara cavab verəcək vəziyyətə gətirilməsi üçün yeni su anbarının istifadəyə verilməsi arzularımızı gerçəkləşdirdi. Bütün bunları saymaq, yadda saxlamaq çətinlik yaratsa da, olanlar az bir vaxtda, cəmi 4 ildə başa gəlib.

Ölkə başçısının hər səfərindən sonra biri-birinin ardınca həyata keçirilən layihələr Gəncənin simasını tanınmaz dərəcədə dəyişdi. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin Gəncəyə səfəri zamanı gördüklərindən razı qalaraq "Bilirsiniz ki, mən Gəncədə dəfələrlə olmuşam. Gəncəni tanımaq mümkün deyildir. Qısa müddət ərzində Elmar çox yaxşı işlər görüb" – deməsi, şəhərimizə və onun rəhbərliyinə verdiyi ən böyük qiymətdir. Təkcə onu demək kifayətdir ki, 2011-2013-cü illər ərzində 1600 layihə həyata keçirilmişdir ki, bu da Gəncənin inkişafına təkan verən amillərdəndir.
Ölkə başçısının 2014-cü ilin yanvarında şəhərimizə etdiyi səfərin yaratdığı xoş təəssürat hələ də yaddaşlardan silinməyib. Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin dediyi kimi Gəncənin yüksəlişini, şəhərin gələcək müqəddəratını Prezident İlham Əliyevin qəbul etdiyi sərəncamlar, verdiyi tapşırıqlar müəyyən və təmin etmiş oldu. Gəncənin uşaqdan böyüyə hər bir sakini sevimli şəhərinə dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. Prezidentin söylədiyi: "Şadam ki, qısa müddət ərzində Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir. Bu diqqət daimidir. Mən istəyirəm ki, hər bir şəhərdə belə gözəl işlər aparılsın. Bütövlükdə ölkəmizdə, hər bir yerdə çox sürətli və uğurlu inkişaf gedir" – sözləri qəlbimizi qürur hissi ilə doldurur.
İkinci Dövlət Proqramı çərçivəsində Gəncə şəhərinin su təchizatı məsələsinə baxılması, şəhər daxilində ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli hava elektrik xətlərinin yeraltı kabellə əvəz olunması, şəhərin prospekt və küçələrinin, yeni park və meydanlarının işıqlandırılması üçün 2800 müasir tipli işıq dirəklərinin və fanarların quraşdırılması, 212 min 656 kvadratmetrdən çox asfalt örtüyünün salınması, 700-dən çox yüksək mərtəbəli yaşayış binalarının dam örtüyünün mansard formasında təzələnməsi və fasadlarının daşla üzlənməsi Gəncənin simasını daha da gözəlləşdirib. Bu abadlıq və quruculuq işlərinin şəhərin tarixi-memarlıq üslubuna uyğun aparılması görülən işlərin estetik keyfiyyətindən xəbər verir. Hazırda bu işlər uğurla davam etdirilir. Bütün bunlarla yanaşı, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət, Məhəmməd Hadi, İstiqlal və Əziz Əliyev adına mədəniyyət və istirahət parklarının salınması, bünövrəsi cənab Prezidentin xeyir-duası ilə qoyulmuş Gəncə Dövlət Filarmoniyasının tikintisinin sürətlənməsi və Uğurlu xan karvansarasının yenidən qurulması Gəncənin müasir quruculuq mərhələsində və mədəni həyatında baş verən ən mühüm hadisələr oldu.

Gəncə çayının sağ sahilində inşa edilən Bayraq Meydanının yaradılması şəhərimizdə aparılan ən mühüm layihələrdən biridir. Meydanda 110 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, poststamentinin hündürlüyü isə 4 metrdir.

İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən Nizami Gəncəvinin şəxsiyyəti, yaradıcılığı haqqında xarici dillərdə buklet, açıqcalar hazırlandı və nəşr edildi.

Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin təşəbbüsü ilə Avstriya Milli Kitabxanasında, Saltıkov Şedrin adına Rusiya Milli Kitabxanasında, Almaniya Milli Kitabxanasında, Böyük Britaniya Milli Kitabxanasında "Xəmsə" əlyazmalarının qorunan nadir nüsxələri şairin doğma vətəninə gətirildi.

Gözəlliyi ilə göz qamaşdıran Nizami Gəncəvinin məqbərəsi önündə dahi şairin adını daşıyan Nizami Gəncəvi muzeyi inşa edilib. Yuxarıda qeyd etdiyimiz kimi dünyanın müxtəlif milli kitabxanalarından gətirilmiş nadir nüsxələr Nizami Gəncəvi muzeyini elmi eksponat kimi bəzəyir. Bununla yanaşı, Nizami Gəncəvinin sələflər və xələflərinin əlyazmaları və şəkilləri, dünyanın tanınmış nizamişünaslarının şəkilləri, bioqrafiyaları və əsərləri, dahi mütəfəkkirin dövrü ilə bağlı tarixi əşyalar da Nizami Gəncəvi muzeyinin eksponatları sırasına daxil edilmişdir.

Azərbaycanın böyük mütəfəkkirinin doğma yurdu Gəncə şəhərində ərazisinə görə təkcə Respublikamızda deyil, regionda da ən böyük prospektlərdən olan Nizami Gəncəvi prospekti yaradılmışdır.

Eləcə də Heydər Əliyev, Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərində yerləşən yeraltı keçidlər istifadəyə verilib.

Respublikada yeganə olan və gözəl ənənələrə malik Nizami Poeziya Teatrı da uzun illərdən sonra təmir edilərək teatrsevərlərin ixtiyarına verilib.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Gəncədə keçirilən tədbirlər xarici qonaqların və şəhər sakinlərinin xatirəsindən uzun zaman silinməyəcəkdir. Azərbaycanın sənət korifeyləri Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi, böyük maarifçi-şair Mirzə Şəfi Vazehin 220 illik yubileyləri də Gəncədə çox möhtəşəm şəkildə qeyd edildi.

Beynəlxalq Şərab Festivalının iştirakçıları da yüksək səviyyədə keçirilən tədbirdən, Gəncədə gördükləri tarix və müasirliyin vəhdətindən ürəkdolusu söhbət açdılar.

Gəncə artıq dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi edib. "Dünya Gənclər Festivalı – Azərbaycanı tanı" Beynəlxalq Festivalı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ərəfəsində keçirildi.

Bu ulu şəhər tarixini saxlamaqla gəncləşdiyini, müasirləşdiyini qatıldığı çox məsul bir yarışda, 50 mindən çox əhalisi olan şəhər və rayonların iştirak etdiyi mübarizədə respublikanın "Gənclər paytaxtı" ünvanını qazanması ilə bir daha sübut etdi.

Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir. Odur ki, daha bir ünvana sahib olmaq üçün qüvvələr səfərbərliyə alındı və 2016-cı ildə Avropanın Gənclər paytaxtı olmağı bacardı.
Bu müddət ərzində Gəncə onlarla şəhərlə qardaşlaşmış, rəsmi şəxsləri qəbul etmişdir. "Gəncə bizi valeh etdi" kəlməsini isə onların dilindən dönə-dönə eşitdik. "Gəncə şəhərinin gözəlliyi məni heyran etdi. Gəncə həm tarixini saxlayır, həm də müasir görkəmi ilə göz oxşayır. Deyərdim ki, gəncəlilərin şəhər meri tərəfdən də bəxti gətirib" – sözlərini Belorus Respublikasının baş nazirinin birinci müavini Vladimir Semaşko söyləmişdir. Avstriyanın ölkəmizdəki sabiq səfiri Silviya Mayer-Kaybiç isə fikrini: "Gəncənin inkişafı haqqında çox eşitmişdim, onu öz gözlərimlə gördüm. Bu inkişaf Azərbaycan üçün çox əhəmiyyətlidir" – sözləri ilə ifadə etmişdir.

Doğrudur, indi insanları heyrətləndirmək və valeh etmək çox çətindir. Lakin Gəncədə görülən quruculuq işləri, tarixini özündə əks etdirən abidələrə göstərilən qayğı və ən başlıcası yüksək səviyyəli qonaq qarşılamaq mədəniyyəti insanları, sözün həqiqi mənasında, valeh edə bilir.

Aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin əsas istiqamətlərindən biri də şəhərdaxili yolların genişləndirilməsi, təmiri və yenidən qurulması ilə bağlıdır. Nəqliyyatın intensiv hərəkəti üçün küçələrin əksəriyyəti genişləndirilmiş, bəzi yerlərdə hətta 20-24 metrə çatdırılmışdır.\

Şəhərdə yaşıllıq sahələrinin artırılması, gül-çiçək kollarının, ağacların əkilməsi, suvarılması, mühafizəsi, onlara aqrotexniki qaydada qulluq göstərilməsi daim diqqət mərkəzindədir. Uzun illər yalnız şəhərin mərkəzi meydanı gül-çiçək və yaşıllığı ilə diqqəti cəlb edirdisə, indi şəhərin küçə və prospektləri, park və xiyabanları rəngarəng çiçəklər, milli ornamentli güldan, buta, xalça rəmzli çiçəklərlə bəzədilir və göz oxşayır.

Qısa zaman kəsiyində Gəncə şəhərində həyata keçirilən bu genişmiqyaslı işlər dövlət başçısı cənab İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə yanaşı, Gəncə şəhərinə və onun əhalisinə olan diqqət və qayğısı nəticəsində mümkün olmuşdur. Odur ki, cənab Prezident İlham Əliyevin söylədiyi: "Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Parklar, binalar bərpa edilir, gözəl küçələr salınır" – sözlər bu qədim şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət kimi gəncəlilərin fərəhinə səbəb olmuşdur.

2014-cü ilin yanvar ayının 21-də Gəncəyə səfəri zamanı möhtərəm Prezident İlham Əliyev Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsi ilə tanış oldu. Daha sonra dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış oldu. Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev dedi: "İndi Gəncə şəhəri də görün necə gözəlləşibdir. Müasir şəhərə çevrilibdir. Bax bu ərazilər artıq şəhərə, şəhərin mərkəzinə çevrilir, gözəl magistral yol çəkilib, iş yerləri açılır. Gələcəkdə Gəncədə böyük sənaye komplekslərinin tikintisi, digər layihələr nəzərdə tutulur. Yəni, yaxın gələcəkdə bəlkə də başqa rayonlardan buraya işləməyə gələcəklər. Ona görə Gəncə də gözəlləşir, siz də gözəl qəsəbədə yaşayırsınız. Mən buna çox sevinirəm, çox şadam".

Bəli, Gəncə böyük sürətlə inkişaf edir. Mədəniyyət mərkəzləri, möhtəşəm binalar ərsəyə gəlir, tarixi abidələr yenidən bərpa olunur, yeni parklar salınır, əhalinin işlə təmin olunması üçün sənaye obyektləri istifadəyə verilir. Bir sözlə, Gəncə ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnən, möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyə və tapşırıqlarına, Gəncəyə olan qayğısına layiq olmağa özündə güc tapan, tarixinə sonsuz məhəbbət və qayğısı ilə seçilən bir şəhər olduğunu öz əməli işi ilə sübuta yetirir və bundan qürur duyur.

Prezident İlham Əliyevin 2011-ci il 13 dekabr tarixli "Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" sərəncamı ilə Gəncə şəhərində Cavad xan, Məhsəti, Natəvan, Sadıllı, Şeyxzamanlı yaşayış məntəqələrinə qəsəbə statusu verilmişdir.

"Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamı ilə Məhsəti, Sadıllı, Natəvan, Şeyxzamanlı və Cavad xan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 km olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq Gəncə şəhər İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır. Yeni yaradılmış qəsəbələrdə bütün infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər aparılır. Eyni zamanda bu qəsəbələrdə üç 640 yerlik məktəbin, beş 140 yerlik və iki 280 yerlik məktəbəqədər tədris müəssisələrinin tikintisi nəzərdə tutulmuşdur.

Şəhərdə bir sıra qlobal problemlər kompleks şəkildə həll edilir. Bu işlərin sistemli və Dövlət Proqramına uyğun aparılması məqsədilə şəhərin Baş planı təsdiq edilmişdir. Plana əsasən 2030-cu ilədək şəhərin ərazisi inkişaf perspektivlərinə uyğun olaraq iki dəfə artaraq 17 min hektar olacaqdır. Burada yeni məhəllələr, çoxmərtəbəli binalar, küçə və prospektlər, yeni müəssisələr, habelə təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət ocaqlarının, eləcə də istirahət zonalarının ünvanları da göstərilmişdir. Şəhərdə mövcud olan yaşıllıq sahəsi genişləndirilərək 2251 hektara çatdırılmaqla, Gəncə çayının sağ və sol sahilləri boyunca park-bulvar zonası yaradılacaqdır. Ən əsası budur ki, Baş planda milli memarlığın qədim üslubu ilə yanaşı, müasir şəhərsalmanın son nailiyyətləri də özünə yer almışdır.

Həyata keçirilən yenidənqurma və abadlıq işləri əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərlə paralel aparılır. İnsanların maddi-rifah halının yüksəldilməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər də uğurla həyata keçirilir. Bunun üçün fəaliyyəti dayanmış müəssisələrin işini bərpa etmək məqsədi ilə güzəştli kreditlər verilir. Ölkə səviyyəli sənaye obyektləri işə salınır. Nəticədə şəhərin iqtisadiyyatı yüksəlməklə yanaşı, insanların gəliri də artır.

Tarixi abidələrə qayğı artıb. İllərlə baxımsız qalmış tariximizin bu yadigarları qayğı və diqqətlə bərpa olunub, yeni həyat vəsiqəsi alıb. Şəhər kimi ən azı 4 minillik tarixə malik olan Gəncənin qədimliyinin, onun tarixi simasının müəyyən edilməsində tarixi abidələrimiz mühüm əhəmiyyət kəsb edir. Tarixi abidələrin və tarixi həqiqətlərin bərpası Azərbaycan mədəniyyətinin və tarixinin zənginləşməsi üçün çox vacibdir. Çünki tarixin müxtəlif dövrlərini əhatə edən xeyli sayda abidələr keçmişimizə işıq sala bilir.

Prezident İlham Əliyevin təhsil sistemində gerçəkləşdirdiyi islahatlar, təhsilə göstərdiyi diqqət və qayğı Gəncədə də bu sahədə böyük uğurlara nail olunmasına imkan yaradıb. Şəhərdə aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, təhsilə qayğı da diqqət mərkəzində olub. Belə ki, məktəb infrastrukturunun müasirləşdirilməsi, təhsil ocaqlarının əsaslı surətdə yenidən qurulması və təmir edilməsi, yeni tikiləcək məktəblərin layihələrinin gerçəkləşdirilməsi istər təhsil işçilərinin, istər şagirdlərin, istərsə də valideynlərin ürəyincədir. Son dörd ildə 30 ümumtəhsil məktəbi tamamilə yenidən qurulub.

Şəhid qəbirləri torpağımızın müqəddəsliyinə möhür vuran, onu ali məqama çatdıran əbədi bir abidədir. İndi Şəhidlər xiyabanı da əvvəlki deyil. Xiyaban və şəhid məzarları tamamilə yenidən qurulmuş, 367 adlı, 49 naməlum şəhidin şərəfinə 18 metr hündürlüyündə 8 guşəli monumental abidə ucaldılmışdır. Bir sözlə, şəhid övladlarımızın "gözü yolda" qalmayır. Adı, ünvanı bəlli olan da, naməlumlar da yaxınları, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri tərəfindən hər an hörmət və məhəbbətlə anılır.

Son 4 ildə Azərbaycan Prezidentinin Gəncəyə unudulmaz səfərlərinin hər biri möhtəşəm tikililərin təməlinin qoyulması və inşası başa çatan sənaye müəssisələrinin, muzeylərin, məktəb və uşaq bağçasının, eləcə də digər mühüm obyektlərin açılışı ilə müşayiət olunub.

Möhtərəm Prezidentimiz İlham Əliyevin böyük diqqət və qayğısını, tövsiyə və göstərişlərini çevik və məqsədyönlü şəkildə həyata keçirən şəhər rəhbərliyi yüksəliş yolunu daha möhtəşəm şəkildə davam etdirmək əzmindədir.

İnamla demək olar ki, Gəncə qədim tarixinə ehtiramı və nəsillərə yadigar qalacaq möhtəşəm tikililəri, sənayesi, mədəniyyəti, milli-mənəvi dəyərlərimizi qoruyub saxlaması ilə ən yeni tarixinin şərəfli səhifələrinə uğurla imza atdığını işi və əməli ilə sübut edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...