Toyuq ətinin şişirdilməsi videosu həqiqəti əks etdirmir AÇIQLAMA
"Son günlər bəzi kütləvi informasiya vasitələrində quşçuluq müəssisələrində istehsal olunan quş ətinin maye vurulması ilə çəkisinin artırılması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. Bu mənbəyi bilinməyən xəbərlər istehlakçılar arasında çaşqınlıq yaratmaqla yanaşı, quşçuluq fabriklərinin işgüzar nüfuzuna da xələl gətirir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bu gün keçirdiyi mətbuat konfrasında söyləyib.
A. Vəliyev vurğulayıb ki, quş ətinin maye vurulması ilə çəkisinin artırılması barədə KİV-də yayılan xəbərlərin heç bir əsası yoxdur və yerli quşçuluq məhsulları keyfiyyət, çeşidliliyi ilə istehlakçıların tələbatına cavab verir: "Azərbaycanda quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətlərinin ən son texnologiyaları və avadanlıqları ilə təchiz edilib. Bu fabriklərdə robot kəsim tətbiq olunur, istehsal və qablaşdırma prosesi tam olaraq müasir texnologiyalarla aparılır. Sanitar-gigiyenik normalar ən yüksək səviyyədə gözlənilir. Quşçuluq fabriklərinin fəaliyyətinə, o cümlədən istehsal və qablaşdırma prosesinə aidiyyəti dövlət strukturları mütəmadi olaraq nəzarət həyata keçirirlər".
O, həmçinin qeyd edib ki, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq keçən il 99,4 min tona, sənaye üsulu ilə 3 dəfə artaraq 64,1 min tona çatıb: "Bu dövrdə yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1,6 mlrd. ədəd təşkil edir. Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur".
Mətbuat konfransında çıxış edən bəzi quşçuluq təsərrüfatlarının nümayəndələri toyuqların çəkisini artırmaq üçün onların daxilinə maye vurulması barədə yayılan məlumatların heç bir əsası olmadığını vurğulayıblar.
Tədbirin sonunda quşçuluq təsərrüfatlarının nümayəndələri mətbuat nümayəndələrini quşçuluq müəssisələrində reyd keçirməyə, həmin məkanların doğrudan da ən son texnologiyalar və avadanlıqlarla təchiz edildiyini cəmiyyətə çatdırmağa dəvət ediblər.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda broyler toyuqlarının iynə vurularaq şişirdilməsini əks etdirən video görüntülər yayılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB