Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında QİÇS və Hepatit C Virusu (HCV) ilə bağlı maarifləndirmə tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən N.Zülfüqarov Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilin yekunlarına görə Azərbaycanda İİV və QİÇS problemi ilə əlaqədar statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilir. Respublikada bu xəstəliklərlə mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilir.

Daha sonra Hepatit C Virusu (HCV) haqqında məlumat verən N.Zülfüqarov virusun bu günə qədər tapılmış altı hepatit virusdan biri olduğunu deyib. Bildirib ki, HCV bu virusların içərisində ən təhlükəlisi hesab edilir. Virus qan vasitəsilə yayılır, qaraciyərdə və qanda aşkarlanır. HCV qaraciyərə gizlicə zərbə vura bilən bir virusdur və ona yoluxan insanların çoxunda ilk zamanlar heç bir şikayəti olmur. Vaxt keçdikcə, Hepatit C tədricən qaraciyər xərçənginə, qaraciyər çatışmazlığına və ya serroza gətirib çıxara bilir. C hepatitinə qarşı heç bir vaksin yoxdur. Amma infeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilir və pasientlərin antivirus dərmanlarının uzun kursu ilə virusdan təmizlənməsi mümkündür. Hazırda Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə maarifləndirmə işləri aparılır.

Son zamanlar təhlükəli şəkil alan bu virusdan qorunmağın hər birimizin öz əlində olduğunu xatırladan N.Zülfüqarov onu da qeyd edib ki, ən azından bərbərxana, gözəllik salonu və ya stomatoloqa gedən zaman orada işlədilən alətlərin sterilizə olunmasını tələb etməklə, insanlar özlərini bu virusdan sığortalaya bilər. Sonda mərkəz rəsmisi MEK əməkdaşlarının qutuda təqdim edilən anonim suallarını cavablandırıb. Tədbir iştirakçılarına İİV/QİÇS və HCV-nin profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə bukletlər paylanılıb. QİÇS Mərkəzi və MEK-in əməkdaşlığının davamı olaraq növbəti həftə mərkəzin həkimlərdən ibarət səyyar briqadası tibbi məsləhətlər vermək və kitabxananın işçilərini könüllü müayinə etmək məqsədilə birgülük aksiya keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə