Bu gün Xəzər Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib. Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər RİH-nin inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Xəzər Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.
Hesabat məruzəsi ilə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatının dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 38-ci yerdə qərarlaşdığının bildirməsi ölkəmizin inkişaf tempinin əyani göstəricisi olduğunu bildirib.
G.İslamov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Xəzər rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi Prezident İlham Əliyevin ötən ildə Xəzər rayonunda bir sıra sosial obyektərin açılışı ilə əlaqədar etdiyi səfərləri qeyd edilib. Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Xəzər Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olub, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanıb.
Həmçinin hesabat məruzəsində RİH başçısı bildirib ki, rayon üzrə sənaye məhsulu istehsalı 256 milyon 196,9 min manat təşkil edib. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 98,9 % olub. Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 215 milyon 660,7 min manat məbləğində investisiya cəlb edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,7 faiz olub.
2014-cü ilin yekunlarına dair qəsəbə nümayəndəliklərinin hesabat yıgıncagında səslən təklif və müraciətlərdən bir daha məlum olur ki, görülən işlərlə yanaşı yerlərdə hələ də həllini tapmamış problemlər qalmaqdadır.
Xəzər rayonu qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB