QİÇS və HCV ilə bağlı maarifləndirmə tədbiri keçirilib

QİÇS və HCV ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında QİÇS və Hepatit C Virusu (HCV) ilə bağlı maarifləndirmə tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri aparan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov XX əsrdə bəşəriyyətin qarşılaşdığı bu xəstəliklərin tarixindən, müalicə və mübarizə üsullarından danışıb. Bildirib ki, İnsanın İmmunçatışmazlığı virusu və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (İİV/QİÇS) insanla doğulan və insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində "qazandığı", əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır. Azərbaycanda bu virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir. Bu infeksiya konkret olaraq, risk qrupları - inyeksion narkoman, seks-bizneslə məşğul olanlar, homoseksuallar arasında yayılıb.

N.Zülfüqarov qeyd edib ki, QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq, ana və uşağın İİV-ə yoluxmasını sıfıra endirmək, İİV-li insanlara qarşı diskriminasiya hissini yox etmək hazırda qarşıya qoyulan əsas məqsədlərdəndir. QİÇS mərhələsinə keçən xəstələrin sayını azaltmaq üçün belə xəstələrin hamısını müalicəyə cəlb etmək lazımdır. İİV-ə yoluxan bütün xəstələrə dərmanlar dövlət tərəfindən pulsuz verilsə də, lakin bəzi xəstələr bu müalicədən yayınırlar. Buna baxmayaraq mərkəzdən nümayəndələr ucqar bölgələrdə yaşayan xəstələri müəyyənləşdirmək məqsədiylə ünvanlarına qədər gedir. Onları müalicəyə cəlb edir.

Mərkəz rəsmisinin sözlərinə görə, Azərbaycanda İİV/QİÇS-li xəstələrin müalicəsi üçün bahalı və daim aparılması tələb olunan antiretrovirus terapiyasına (ARV) cəlb olunanların sayı artıb. Bu terapiyanın çox həssas müalicə olduğunu xatırladan N.Zülfüqarov qeyd edib ki, əgər müalicə prosesində dərman xəstə tərəfindən bir ay ərzində iki dəfə vaxtında qəbul olunmasa effektivliyi azalır. Dərmanı 3-5 ay içib yaxşılaşdıqdan sonra arada 1-2 ay fasilə verilirsə terapiya təsir etmir. Ona görə də xəstəyə nəticədə daha ağır dərmanlar verilir. Əlavə edib ki, 2013-cü ildə 470 nəfər ARV-terapiyaya yeni cəlb edilmişdisə, 2014-cü ildə belə xəstələrin sayı 605-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə