Nəsimi Paşayev: “Hadisədə metropoliten işçisinin məsuliyyətsizliyi yoxdur”

Sərnişinlər metropoliten ərazisində davranış qaydalarına riayət etmirlər
Nəsimi Paşayev: “Hadisədə metropoliten işçisinin məsuliyyətsizliyi yoxdur”

"Bu gün metronun "Elmlər Akademiyası" stansiyasında qeydə alınan hadisəyə səbəb sərnişinlərdən birinin eskalatorun təcili dayandırma düyməsini basması olub". Bunu SİA-ya Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda hadisəyə səbəb olan sərnişinin inzibati məsuliyyətə cəlb olunması istiqamətində hüquq mühafizə orqanları iş aparır: "Əgər Bakı Metropoliteni ərazisində hər hansı bir hadisə baş verərsə, bu mütləq araşdırılır və hadisəyə cavabdeh şəxslər haqqında mütləq tədbirlər görünür. Eyni zamanda sərnişinlər tərəfindən törədilən hadisələr metro ərazisində quraşdırılan kameralar vasitəsi ilə müəyyən olunur və hadisə barəsində araşdırma aparılır. Bu gün metroda baş verən hadisə ilə əlaqədar hüquq mühafizə orqanları hadisəyə səbəb olan şəxsin müəyyən edilməsi istiqamətində iş aparır".

N. Paşayev qeyd edib ki, baş verən hadisədə bütün məsuliyyət sərnişinin üzərinə düşür: "Burada metropoliten işçisinin hər hansı bir məsuliyyətsizliyi yoxdur. Məsuliyyət yalnız sərnişinin üzərinə düşür".

N. Paşayev qeyd edib ki, son zamanlar metropolitendə müxtəlif hadisələr baş verir: "Məsələn, qatarlarda, eskalatorlarda texniki nasazlıq yaranır. Bu problemlərə dərhal müdaxilə edilir və aradan qaldırılır. Təəssüf ki, bəzi hadisələr sırf sərnişin məsuliyyətsizliyi üzündən baş verir. Yəni, sərnişinlər metropoliten ərazisində davranış qaydalarına riayət etmirlər".

Xatırladaq ki, bu gün 08:40-da metronun "Elmlər Akademiyası" stansiyasında sərnişinlərdən birinin eskalatorun təcili dayandırma düyməsini basaraq eskalatorun hərəkətini dayandırıb və baş verən hadisə sərnişinlər təşvişinə səbəb olub. Hadisə zamanı isə heç kəs xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə