Azərbaycanı işsizlik təhlükəsi gözləyir? AÇIQLAMA

Azərbaycanı işsizlik təhlükəsi gözləyir? AÇIQLAMA

"Nəzərə almaq lazımdır ki, Azərbaycanda artıq struktur islahatları başlayıb. Azərbaycanda aparılan struktur islahatlarının əsas məsələlərindən biri məhz ölkənin idarəetmə sisteminin çevikliyinə nail olmaq, daha çevik idarəetmə sistemini tətbiq etmək, eyni zamanda bütövlükdə vətəndaşlara dövlət qurumları tərəfindən göstərilən xidmətin səviyyəsinin artırılmasına nail olmaqdan ibarətdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ölkə prezidentinin apardığı struktur islahatlarının 2015-ci ildə daha da sürətlənməsi müşahidə olunur: "Bu da özünü bir -birini təkrarlayan bir sıra dövlət qurumlarının ləğv olunması və səlahiyyətlərinin birləşdirilməsi formasında göstərir. Praktiki olaraq son Fərmanlar da idarəetmə çevikliyini artırmaqla yanaşı, eyni zamanda dövlət qurumlarında vətəndaşların müraciət prosedurlarının azalması, eyni zamanda bu prosedurlar üçün tələb olunan günlərin azaldılmasında özünü göstərir. Sözügedən dövlət qurumlarının ləğv edilməsi, eyni zamanda məhz həmin qurumda çalışanların işdən azad olunması deməkdir. Struktur dəyişiklikləri ilə həmin dövlət qurumlarında çalışan işçilərin ixtisar edilməsi, onların işsiz qalması demək deyil. Məqsəd struktur islahatları ilə qeyd etdiyimiz kimi idarəetmə sisteminin müasirləşməsinə nail olmaqdır. Dövlət qurumlarının ləğv edilməsi ilə həmin qurumlarda çalışan işçilərin yeni iş yerləri ilə təmin olunması dövlətin gündəmində olan bir məsələdir".

Ekspert həmçinin vurğuladı ki, ölkədə aparılan struktur islahatları heç bir narahatçılıq doğurmamalıdır. İxtisarlar işsiz qalmalara səbəb olmayacaq. Bu məsələ dövlətin xüsusi nəzarətindədir: "Həmin işçilər digər dövlət qurumlarında çalışa biləcək. Struktur islahatlar aparılması ilə bağlı hər hansı bir narahatçılıq olmamalıdır və heç bir narahatçılığa əsas yoxdur. İslahatlar heç də işsizliyə gətirib çıxarmayacaq. Bu həmin sektorda prosedurların azalması, tələb edilən günlərin sayının kəskin azalması hesabına yeni iş yerlərinin yaradılmasına gətirib çıxardır. Bu baxımdan sözügedən struktur islahatlarının məşğulluğa heç bir mənfi təsiri yoxdur. Məqsəd real sektorda yeni iş yerlərinin yaradılmasına nail olmaqdır. Bir daha vurğulamaq istəyirəm ki, ləğv edilən dövlət strukturlarından azad edilən işçilərin yeni iş yerləri ilə təmin edilməsi məsələsi dövlətin xüsusi nəzarətindədir. Sözügedən islahatlar birmənalı şəkildə real sektorda yeni iş yerlərinin yaradılması hesabına məşğulluğa müsbət təsirini göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə