Nicat Hacızadə: “Ölkəmizdə müalicə fondları yaradılmalıdır” TƏKLİF

"Bildiyiniz kimi hazırda ölkəmizdə son illər aparılan iqtisadi-sosial islahatlar ölkəmizin həyat səviyyəsini və rifah halını yüksəltməkdədir. Ölkə prezidentinin müəllifi olduğu bir sıra sosial müdafiə modelləri və layihələri bir sıra dünya ölkələri tərəfindən daimi olaraq öyrənilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, ölkəmizdə sosial inkişaf cəhətdən zəif nöqtələrdən biridə səhiyyə sistemidir: "Sosial sahələr dedikdə təkcə biz əhalinin maddi durumu yox, təhsil və elm səviyyəsi, mədəniyyət və ən əsası səhiyyə düşünülməlidir. Ölkəmizdə səhiyyə sistemi davamlı olaraq ölkə Prezidentinin qayğısı nəticəsində 2003-cü ildən bu yana inkişaf edir. Amma gəlin etiraf edək ki, spesifik sahələr üzrə həkim çatışmamazlığı, o cümlədən və cəmiyyətin əsas problemi olan sosial durumu zəif olan şəxslərin pulsuz müalicəsi üçün şərait olmaması və həmin şəxslər üçün Səhiyyə Nazirliyi tərəfindən pul vəsaitinin ayrılmaması kimi problemlər hələ də mövcuddur. Qeyd edim ki, bu gün ölkəmizdə sosial sektora aid olan səhiyyə sisteminin fəaliyyəti qənaət bəxş deyil. Əvvəlki illərlə müqayisədə misli görünməmiş nailiyyətlər əldə edilsə də, bugünkü gəldiyimiz nöqtə də bizi qane etməməlidir. Digər bir problem isə dövlət büdcəsindən səhiyyə sistemi üçün ayrılan məbləğlərin lazımi yerlərə xərclənməməsidir. Bu gün ölkəmizdə sosial durumu aşağı səviyyədə olan və müalicəsi üçün külli miqdarda pullar tələb olunan ailələrə Səhiyyə Nazirliyi tərəfindən ya pulsuz müalicə təşkil edilməlidir, ya da müalicə üçün pul ayrılmalıdır".

Ölkədə müalicə fondlarının yaradılmasını təklif edən Nicat Hacızadə hesab edir ki, bu yolla ölkədə sağlamlıq səviyyəsini qaldırmaq olar: "Bilirsiniz, sosial rifah təkcə maddiyatla bağlı deyil, əhalinin təhsil səviyyəsi, sağlamlığının qorunması da sosial rifaha təsir edən amillərdəndir. Bu gün dünya təcrübəsinə baxsaq görərik ki, səhiyyə nazirliklərinin nəzdində müalicə fondları fəaliyyət göstərir ki, müalicə üçün nəyə ehtiyac duyulursa fondlar tərəfindən qarşılanır. Bu gün Heydər Əliyev Fondunun sırf səhiyyənin inkişafı sahəsində apardığı fəaliyyət yerli və dünya fondlarına nümunədir. Fondun fəaliyyət sahəsi çox genişdir. Hesab edirəm ki, müalicə fondlarının yaradılması ölkədə sosial durumu zəif olan ailələrin sevincinə səbəb olacaq".

Ekspert həmçinin özəl klinikaların ictimai fəaliyyətinin çox az olduğunu bildirib. Klinikaları humanizmə və ictimai məsuliyyətə dəvət edib: "Bu gün əksər özəl klinikaların fəaliyyəti aşağı səviyyədədir. Kiçik xidmətlər böyük məbləğdə vətəndaşlara təqdim olunur. Xaricdən ixtisası bilinməyən həkimlər gətirilir. Mən özəl klinikaları bu tip məsələlərdə daha məsuliyyətli olmağa dəvət edirəm. Sosial durumu aşağı olan xəstələri pulsuz müalicə etməyi məsləhət görərdim. Bu həm onların sosial fəaliyyətində, həm də iqtisadi vəziyyətində gələcək illərdə müsbət mənada özünü göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...