Fransa Senatının üzvü soyqırımı məzarlığını ziyarət edib

Fransa Senatının üzvü soyqırımı məzarlığını ziyarət edib

Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.

Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Ardınca ziyarətçilər Quba Soyqırımı Memorial Kompleksində olublar.

Onlara məlumat verilib ki, kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub. Burada XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə