Hər birimiz gündəlik həyatımızda bu mənzərənin şahidi oluruq və bu, nə təbiət mənzərəsi, nə də ki, digər mənzərədir. Söhbət 10 yaşına qədər olan ibtiadi sinif şagirdlərinin gündəlik həyat mənzərəsindən gedir. Belə ki, dərs yükünün çoxluğundan bu balaca məktəblilər özlərindən ağır çantaları ilə hər gün güc-bəlayla məktəbə yollanır, müəllimin vərəq-vərəq verdiyi tapşırıqların öhdəsindən necə gələcəyini düşünürlər. Lakin bu hələ üzdə gördüklərimizdir. Məktəbdə nələr baş verir, dərslər necə və hansı səviyyədə keçirilir və digər bu kimi məsələləri daha sonra anlatmağa çalışacağam.
Buna məktəbli çantası demək doğru sayılarsa...
Bağça həyatını yenicə arxada qoyan bir körpə, birdən-birə necə bu qədər ağır yükün altına girə bilər? Buna həm zehni, həm də fiziki gücü yetərmi? "Kitab təfəkkürün yorulmayan qanadlarıdır" deyib alimlərimiz. Amma təfəkkürün haaa, səhər saat 6:30, 7:00 radələrində şirin yuxusundan ayılan cılız məktəbli bədənlərinin deyil...

Bu mövzuda apardığımız araşdırma nəticəsində uşaq həkimlərinin rəyini öyrənməyə çalışdıq. Məlum oldu ki, sən demə 10 yaşına qәdәr olan uşaqlar 3 kiloqramdan artıq yük götürmәmәlidir. Əks halda bu, onların onurğa sütununun əyilməsinə səbəb olur ki, daha sonra bu halın davamlılığı onurğa və fəqərə sütunlarının fəsadlarını üzə çıxaran skalioz, lados kimi xәstәliklәrin yaranması ilə müşahidə edilə bilər. Amma hazırda bir ibtidai sinif şagirdinin daşıdığı çantanın çәkisi bu normalara qәtiyyәn cavab vermir. Bəzən məktəbli çantalarının yükü 5,6, hətta 7 kiloqrama qədər çatır. Belə olan bir vəziyyətdə valideyinlər çantanın ağırlığını nəzərə alaraq, övladlarına təkərli çantalar almağa çalışırlar. Buna çanta demək doğru sayılarsa...Çantadan daha çox yük çamadanına bənzəyən bu əşyaya da kitabları, iş dəftərlərini sığdırmaq bir qədər müşkül məsələdir. Ümumi çəkinin nə qədər olduğunu dəqiq bilmək üçün II sinf şagirdi olan oğlumun çantasına gündəlik dərs qrafikinә uyğun olaraq kitablarını, iş dәftәrlərini, test kitablarını, qiymәtlәndirmә kitablarını, yazı dәftәrlərini, karandaşlarını qoyaraq çəkisini ölçdüm. Ortaya qəribə bir rəqəm çıxdı - çantanın çәkisi tәxminәn 7 kiloqrama (!) yaxın oldu. Əlavə olaraq, uşaqlarımızın qida rasionuna uyğun şəkildə çantaya yemək və su qabı da əlavə etsək, o zaman çanta daha da ağırlaşar. Belə bir vəziyyətdə istər-istəməz belə bir sual yaranır ki, əcəba, 8 yaşında bir məktəbli görəsən hər gün bu yükü çiyinlərində aparmağa məhkumdurmu? Bəzən görürsən ki, bu yükü daşımaqda balacalara valideynləri kömək edirlər. Onlar da bir valideyin kimi bu haldan narahatdır və uşaqlarının fiziki yüklənməsi ilə yanaşı, zehni yüklənməsini də dilə gətirirlər.

Əzilə-əzilə, yuxusuz gözlərini ova-ova...
Görəsən biz nədən məktəbə sevinə-sevinə, qaça-qaça gedən balalarımızı deyil, əzilə-əzilə, tam yuxu rahatlığı almayan gözlərini ova-ova dərsə gedən balalarımızın simasını görmüş oluruq? Bu da son deyil.
Artıq bir neçə ildir ki, məktəblərimizdə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinə başlanılıb ki, bunu da kimisi müsbət, kimisi isə mənfi dəyərləndirir. Müsbət yönü odur ki, yeni təhsil proqramı ilə müəllimlərin metodiki hazırlığı və peşəkarlıq səviyyələlərinin yüksəldilməsinə yeni tələblər qoyulur. Mənfi tərəflərini isə fikrimcə yuxarıda açıq şəkildə göstərdim.
Mövzuya pedaqoqların fikrini də əlavə etsək onda da ibtidai siniflәrdә tәdris olunan dәrs vәsaitlәrinin sayının ehtiyac olduğundan çox olduğu fikirlərini görmüş olduq. Tәkcә bir fənndən bir neçə əlavə dərs vəsaitinin olduğunu və müəllimlərinin bundan heç də razı olmadıqları qənaətinə gəlməkdəyik.

Kamilə Əliyeva: "Müasir təhisl sistemi ilə uzlaşmaq üçün kurikulum sisteminin tədbiqi doğru addımdır"
Milli Məslisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva, hər birimizin diqqət və qayğısına ehtiyacı olan məktəblilərin dərs yükünün azaldılamasına ehtiyac varmı? Və yaxud da yaxın zamanda Milli Məclisdə bu məsələnin gündəliyə gətiriləcəyi barədə suallarımızı belə cavablandırdı: "Məktəblərdə kurikulum deyilən yeni təhsil proqramına əsasən dərslər keçirilir ki, bu da həmin sistemə uyğun olaraq tənzimlənir. Sovet dönəmində təhsil alan bir şəxs kimi onu deyə bilərəm ki, bu gün şagirdlər daha sərbəst, daha rahat dərs keçirlər. O zaman müəyyən protokol mövcud idi ki, biz bu çərçivədən çıxa bilmirdik. Təhsil sisteminin durmadan inkişaf edən, təhsil qanunları mövcuddur. Bu baxımdan, müasir təhsil sistemi ilə uzlaşmaq üçün kurikulum sisteminin tədbiqi doğru addımdır. Əlavə dərs vəsaitlərinin çoxluğu valideyinləri narahat etsə də, danılmazdır ki, bütün bunlar şagirdlərin beyinlərinin boş-mənasız fikirlərlə deyil, elmlə zənginləşdirməyə kömək edir. Uşaqların ibtidai təhsili, onların təməli sağlam özül üzərində qurulsa, yuxarı siniflərdə bunun bəhrəsini görmüş olarlar. Ona görə də təhsildə həyata keçirilən hər bir yenilik övladlarımızın gələcəyi, təfəkkürlərinin inkişafı üçündür".
Göründüyü kimi, həm neqativ hallar, həm də müsbət nəzərəçarpmalar kifayət qədərdir. Son olaraq qeyd etmək istərdim ki, körpələrimizin, fidan balalarımızın dərs yüklərinin çoxluğunda, məktəb qayğılarında bizlərin də müəyyən suçu var. Hər birimiz uşaqlarımıza dərsdə fərqlənmələri üçün əlavə hazırlıqlarla da məşğul olmalarını istəyirik. Bu da özlüyündə təzad yaradır. Bir tərəfdən yeni sistemin yaratdığı fəsadlardan narahatçılığımızı ifadə edirik, digər tərəfdən də övladlarımızın yeniçiliklə ayaqlaşmaları üçün əməlli-başlı özümüzü, balalarımızı fəda edirik. Məhz bu mövzu ətrafında zənnimcə, hələ çox düşünməliyik...
İntizarə Məmmədova
P.S. Araşdırma ilə bağlı Təhsil Nazirliyinə müraciət etdik. Nazirlik əməkdaşı bizə rəsmi sorğu göndərməli olduğumuzu bildirsə də, sorğumuza rəğmən cavablandırmağı rəva bilmədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB