“Sağlam qidalan, sağlam yaşa” layihəsinin təqdimatı olub

“Sağlam qidalan, sağlam yaşa” layihəsinin təqdimatı olub

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan "Sağlam qidalan, sağlam yaşa" adlı layihənin təqdimatı keçirilib. Tədbirdə layihənin məqsəd və məramından söhbət açılıb. Vurğulanıb ki, layihənin həyata keçirilməsində məqsəd gəncləri ziyanlı məhsulların zərərləri barədə, eyni zamanda sağlam qidalanmanın yolları ilə bağlı məlumatlandırmaqdır.

Qeyd olunub ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır.

Tədbirdə qonaq qismində iştirak edən tanınmış diyetoloq, ixtisasca jurnalist olan Ərşad Əzimzadə öz zəngin təcrübəsini gənclərlə bölüşüb. 30 ilə yaxın bir müddətdə 1-ci qrup əlil kimi məşəqqətli həyat tərzi sürdüyünü deyən 81 yaşlı diyetoloq xəstəliklərinə müasir tibb elmi ilə deyil, ona alternartiv təbabətlə qalib gəldiyini deyib. O, bildirib ki, insan həyatının saxlanması və bioloji növ kimi nəslinin davam etməsi üçün zəruri olan əsas elementlərdən biri sağlam qidadır. Həyat boyu sağlamlığın isə ən fundamental dayağı sağlam qidalanmaqdır. Sağlam qidalanma beşikdən məzara qədər insanın həyatına təsir edər. Hər kəsin sağlam qidalanma haqqı və şansı vardır. Ərşad Əzimzadə müasir tibb elminin müalicə edə bilmədiyi xəstəliklərin əslində təbi üsullarla, bitkilərlə müalicəsinin mümkünlüyünü diqqətə çatdırıb.

Təqdimat mərasimində bildirilib ki, layihə çərçivəsində həkim-diyetoloq, psixoloqların iştirakı ilə seminarlar təşkil ediləcək. Mütəxəssislərlə gənclərin görüşü təşkil olunacaq. Hər görüş və ya seminarda bir mövzu haqqında məlumat veriləcək, mövzu ətrafında fikir mübadiləsi, müzakirələr aparılacaq. Eyni zamanda layihə çərçivəsində televiziya verilişləri hazırlanacaq. Bu isə sağlam qida ilə bağlı yanlış bilinən məqamların doğru tərəfini daha böyük kütləyə çatdırmaq imkanı yaradacaq.

Sonda tədbirdə iştirak edən gənclərin layihə ilə bağlı sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə