Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Mehdiyevə Azərbaycan elminin inkişafında xidmətlərinə görə layiq görüldüyü "Şöhrət" ordenini təqdim edib. Həmçinin alim 80 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. Sonra akademik Akif Əlizadə gündəlikdə əksini tapan AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi (BTEB) və Aqrar Elmlər Bölməsinin (AEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması, Akademiyada 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizim üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi ilə bağlı görüləcək işlər və digər məsələlər haqqında iştirakçılara məlumat verib.
Əvvəlcə BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, bölmə AMEA-da aparılan məqsədyönlü islahatlar, struktur dəyişiklikləri, innovasiya və telekommunikasiya sektorlarının gücləndirilməsi, elmi-tədqiqat işlərinin səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənc alimlərin fəaliyyətinin dəstəklənməsi, elm və təhsilin inteqrasiyası yolunda irəliləyişlərə qoşularaq, öz fəaliyyətini genişləndirib. Bakı Elm Festivalı-2014-ün işində, Azərbaycan alimlərinin I Qurultayında, müxtəlif sərgilərin və beynəlxalq laboratoriyaların yaradılması, sahələrarası layihələrin hazırlanması və digər akademiya miqyaslı tədbirlərin təşkilində fəal iştirak edib.
Hesabat ilində AMEA-nın Rəyasət Heyətinin 2008-ci il üzrə qərarlarına əsasən, BTEB-in elmi müəssisələri öz fəaliyyətinə uyğun olaraq "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair" Dövlət Proqramı və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf" Dövlət Proqramının icrasında iştirak edib və elmi tədqiqatlar haqqında hesabatları müvafiq idarələrə təqdim edib. Bölmənin biologiya elmi üzrə müəssisələrində elmi-tədqiqat işləri ölkəmizdə flora, fauna və mikroorqanizmlərin biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları istiqamətində, tibb elmləri sahəsində tədqiqatlar isə əhalinin sağlamlıq vəziyyəti, yayılmış xəstəliklərin epidemiologiyası, kliniki xüsusiyyətləri, innovativ texnologiyalar əsasında diaqnostika və müalicə-profilaktika tədbirlərinin təkmilləşdirilməsi, ətraf mühitin və ekoloji amillərin əhalinin sağlamlığına təsirinin tədqiqi, regional təbii vasitələrdən istifadə etməklə yeni profilaktika və müalicə üsullarının işlənib hazırlanması istiqamətində aparılıb. AMEA-nın prioritet istiqamətləri üzrə elan etdiyi innovativ layihələrdə bölmə əməkdaşları 12-si multidisiplinar xarakterli olmaqla 28 layihə təqdim edib. Hər il olduğu kimi, bölmə institutları yerli ali təhsil mərkəzlərinin müvafiq kafedraları ilə fundamental elm sahəsində əlaqələri, o cümlədən Almaniyanın Fray Universitetinin Berlin Botanika Bağı və Botanika muzeyi, Hannover və Ştutqart Universitetlərinin bitkilərin ekologiyası, Təkamülü və Müxtəlifliyi İnstitutu, Türkiyənin Sabancı Universiteti, Pamukkale Universiteti, Hacəttəpə Universiteti və Fransanın Milli Kənd Təsərrüfatı İnstitutu ilə meyvələrin patologiyası, bakteriyaların epidemiologiyası sahəsində, İspaniyanın Seviliya Universiteti ilə bitkilərin biokimyası və fotosintez sahəsində ümumilikdə 78 xarici elmi mərkəzin institutları ilə əməkdaşlığı davam etdirir. Bölmə institutlarının əməkdaşları il ərzində müxtəlif respublika və beynəlxalq qrant layihələrində iştirak edib və 37 qrantın qalibi olub.
Akademik qeyd edib ki, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində BTEB-də gənc kadrların inkişafına xüsusi diqqət yetirilir. Bölmənin institutlarında gənclərin beynəlxalq və respublika layihələrinin həyata keçirilməsində və müxtəlif konfranslarda, seminarlarda iştirakına şərait yaradılıb. Həmçinin institutların gənc mütəxəssisləri müxtəlif ölkələrin qabaqcıl elm mərkəzlərində təcrübə keçərək ixtisasartırma, xarici alimlərin təcrübəsindən faydalanma və elmə müasir yanaşmaları mənimsəmə məqsədilə ezamiyyətlərə göndərilib. Bundan başqa, bölmə üzrə akademiklər - Cəlal Əliyev və İradə Hüseynova AMEA-nın yeni təsis olunmuş "Həsən bəy Zərdabi", akademik Böyükkişi Ağayev isə "Mirəsədulla Mirqasımov" mükafatlarına layiq görülüb.
İclasda BTEB-in hesabatı müzakirə edildikdən sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Qərarda respublikanın elmi mərkəzləri və ali təhsil müəssisələri ilə iqtisadi əhəmiyyətli bioloji fundamental və tətbiqi işlər üzrə əlaqələrin gücləndirilməsi, gənc kadrların hazırlanması və institutlara cəlb edilməsi ilə bağlı müvafiq bəndlər öz əksini tapıb.
Sonra AEB-in akademik-katibi, akademik Qərib Məmmədov bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hesabat ilində bölmə institutları fəaliyyətini dövlət başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Rеspublikasında Məşğulluq Stratеgiyasının həyata kеçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Prоqramı", "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", ölkə başçısının sərəncamları və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında həyata keçirib. Bölmənin fəaliyyət planına uyğun olaraq Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifatı, Eroziya və Suvarma İnstitutu tərəfindən isə Аbşеrоn şərаitində zеytun bitkisi üçün аzintеnsivli suvаrmа sistеmləri işlənib hazırlanıb. AEB-in institutları 3 patent alıb, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı üzrə elmi-tədqiqat işləri plan üzrə icra edilib.
Daha sonra akademik "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində həyata keçirilmiş tədbirlər haqqında qısa məlumat verib. Qeyd edib ki, ötən il institutda elmi tədqiqatlar müasir metodikaların istifadəsi ilə xeyli dərinləşdirilib, bir sıra mühüm elmi nəticələr alınaraq impakt faktorlu və resenziyalı jurnallarda çap edilib. Azərbaycanda mədəni bitkilərin yabanı əcdadlarının 22 fəsilə və 45 cinsə aid 185 növdən ibarət Qırmızı siyahısı tərtib olunub. Həmçinin genetik modifikasiya olunmuş bitkilərin identifikasiyası üzrə metodika təkmilləşdirilib və onun qadağan olunması haqqında buklet hazırlanıb. Hesabat ilində institutlar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Avropa Komissiyası, ABŞ Kənd Təsərrüfatı Departamenti və Ukrayna Elmi-Texniki Mərkəzindən qrantlar alıb. Eyni zamanda bölmə əməkdaşlarının Almanyanın Qreyvsfalt Universitetinin əməkdaşları ilə birgə Volksvagen Təməl Proqramı vasitəsi ilə Orta Asiya və Qafqaz üçün maliyyələşdirilən "Böyük Qafqazın Azərbaycan ərazisində Qış otlaqlarının qiymətləndirilməsi" adlı layihə, o cümlədən Beynəlxalq Bağçılıq Təşkilatı ilə birgə "Subtropik və mülayim iqlim qurşaqlarının meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları" mövzusunda beynəlxalq simpozium uğurla həyata keçirilib.
Ümumilikdə 30-dan çox xarici ölkəni və 8 beynəlxalq təşkilatı təmsil edən 70-dən çox tanınmış alim, mütəxəssis və rəhbər işçinin Azərbaycana səfərləri və yerli tədqiqatlarda iştirakı təşkil olunub. Bölmənin 14 gənc alimi tanınmış xarici elm mərkəzlərində təcrübə keçib. Bundan başqa, institutlar haqqında Vikipediya bazasında olan informasiyanın yeniləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb və bu məlumatları həmin bazaya daxil edilməsi və institutların elmi kitabxanalarında avtomatlaşdırılmış kitabxana informasiya sisteminin yaradılması üçün hazırlıq işləri aparılıb. Hesabat dinlənildikdən sonra Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib. Həmçinin aqrar elmlər sahəsində elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi, müasir və perspektiv istiqamətlər üzrə elmi kadr hazırlığının aparılması, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin AMEA Aqrar Elmlər Bölməsinin tərkibinə daxil edilməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi qarşısında vəsatət qaldırılması və digər məsələlər barədə qərar qəbul edilib.
İclasda AMEA-nın Rəyasət Heyəti tərəfindən tövsiyyə olunan elmi tədqiqat proqramları məsələsinə də toxunulub. Bildirilib ki, 2014-cü ildə elmi tədqiqat proqramlarının seçilməsi və maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edilib. Müsabiqəyə təqdim olunmuş proqramlar Ekspert Komissiyası və müvafiq elmi bölmələrin rəyinə əsasən fundamental elmi problemlərin həllinə yönəlmiş elmi tədqiqat proqramları müəyyənləşdirilib. Məsələ ilə bağlı müzakirələrdən sonra elmi tədqiqat proqramlarının rəhbərlərinə qısa müddət ərzində proqramları müəyyən olunmuş formada hazırlayıb institutun elmi şurasının rəyi ilə birlikdə müvafiq elmi bölmələrə və Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim etmələri tapşırılıb. Sonra tədbirdə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi ilə bağlı məsələ müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə 5 may 2015-ci il tarixində Respublika Veteranlar Şurası ilə birlikdə "Böyük Vətən Müharibəsinin Qələbəsində Azərbaycan alimlərinin rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi məqsədəuyğun hesab edilib. Konfransın təşkilini təmin etmək məqsədilə komissiya yaradılıb. Bundan əlavə, Nazirlər Kabinetinin məktubu əsasında Moskva şəhərində "Biz nasizmə qarşı birlikdə idik" adlı beynəlxalq sərgi layihəsində Akademiyanın iştirakının da nəzərdə tutulduğu vurğulanıb. İclasda, həmçinin Georgi Zaplatinin Azərbaycan alimlərinin Böyük Vətən müharibəsinin qələbəsinə verdiyi töhfələrini əks etdirən "Vətənə və elmə xidmət etdilər..." kitabının yenidən işlənilmiş variantının nəşrinin təmin edilməsi qərara alınıb.
Daha sonra AMEA-nın "Akademkitab" mağazasının fəaliyyətinin təkmilləşdirilməsi, onun işinin müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə qərar qəbul edilib. Mağaza "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzinin tərkibindən çıxarılaraq müvafiq ştat vahidləri ilə birlikdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının strukturuna daxil edilib. Mağazanın kitabxananın binasında yerləşdirilməsi, onun fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili ilə bağlı işlərin həyata keçirilməsi üçün tapşırıqlar verilib. Tədbirdə AMEA-nın yeni struktur layihəsi də müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA-nın Nizamnaməsinin təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədilə yaradılmış İşçi qrupu AMEA-nın yeni struktur layihəsini hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim edib. Yeni strukturun təsdiqlənməsi üçün Nazirlər Kabinetinə təqdim olunması barədə qərar qəbul edilib.
Növbəti müzakirə Şimal bölgəsində elmi tədqiqat fəaliyyətinin gücləndirilməsi, regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla fundamental və tətbiqi araşdırmaların lazımı səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün əlverişli şəraitin yaradılması məqsədilə AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması məsələsi olub. Mərkəzin yaradılması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılması qərarla qəbul edilib. Aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov mərkəzin direktoru vəzifəsini icra edən təyin olunub.
Sonda bir sıra kadr məsələlərinə toxunulub. Fail Kazımov AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov şöbənin rəis müavini vəzifəsinə, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov isə Elm və təhsil idarəsinin Elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB