Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "İdman dünyamdır" adlı layihənin icrasına başlanılıb. SİA-nın məlumatına görə, layihə Gənclər Fondunun elan etdiyi VI qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olub. Bu münasibətlə keçirilən tədbirdə layihənin məqsəd və məramından söhbət açılıb.
Diqqətə çatdırılıb ki, idman gələcəyimiz olan yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafında, onların vətənpərvər ruhda böyüməsində böyük əhəmiyyətə malikdir. Ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına yönəldilən diqqət, idmanın kütləviləşməsi, uşaq və gənclərin bu sahəyə fəal surətdə cəlb olunması dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda, eləcə də ölkəmizdən kənarda idman sahəsində uğur qazanan gəncləri, həmçinin idman veteranlarını gənclərə tanıtmaq, bununla gənclərin idmana olan həvəsini, marağını daha da artırmaqdır.
Tədbirdə qonaq qismində güləş üzrə yeniyetmələr arasında Azərbaycan və Avropa çempionatlarının qalibi Türkan Nəsirova və onun şəxsi məşqçisi, Əməkdaş məşqçi Tural Əliyev iştirak edib.
Tural Əliyev ölkəmizdə idman sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, məhz bunun nəticəsidir ki, ildən-ilə idmançılarımızın uğurları daha da artır.
Avropa çempionu, güləşçi Türkan Nəsirova idmana gəlişindən, qazandığı uğurlardan danışıb. Həmyaşıdlarına idmanla məşğul olmağı tövsiyə edib
Digər çıxış edənlər bu tip layihələrin böyük önəm kəsb etdiyini bildiriblər. O da vurğulanıb ki, layihə çərçivəsində idmançı gənclərin həyatından, qazandıqları uğurlardan bəhs olunacaq verilişlərin hazırlanması gəncləri idmana yönəldəcək, onların bu sahəyə olan marağını daha da gücləndirəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB