Aydın Hüseynov: “Korrupsiya ilə mübarizə effekt verir” AÇIQLAMA

Aydın Hüseynov: “Korrupsiya ilə mübarizə effekt verir” AÇIQLAMA

"Korrupsiya ilə mübarizə artıq dövlət səviyyəsində həyata keçirilir. Cənab prezident İlham Əliyev korrupsiya ilə bağlı öz fikirlərini qətiyyətlə bildirib". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, korrupsiya ilə mübarizə ilə bağlı dövlət tərəfindən kifayət qədər işlər görülüb. ASAN xidmətin yaradılması korrupsiya ilə mübarizənin bariz nümunəsidir: "İlk növbədə mübarizənin aparılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu yük ilk növbədə vətəndaşların, cəmiyyətin üzərinə düşür. Digər tərəfdən artıq dövlət bununla əlaqədar olaraq çox böyük işlər həyata keçirib. Belə ki, qanunvericilik bazası daha da təkmilləşdirilir. Korrupsiyaya yol açacaq addımlar qanun çərçivəsində elə tənzimlənir ki, bu hallar baş verməsin. Yəni korrupsiyaya qarşı addımlar başlanğıcından aradan qaldırılmağa çalışılır. İlk növbədə hökumətin korrupsiyaya qarşı həyata keçirdiyi ən gözəl tədbirlərdən biri ASAN xidmət sisteminin yaradılmasıdır. Eyni zamanda maliyyə, vergi, gömrük və digər sahələrdə bununla bağlı böyük işlər görülüb. "Bir pəncərə" sistemi, sadələşdirilmiş vergi və gömrük sisteminin tətbiq olunması və eyni zamanda kommunikasiya və informasiya texnologiyalarından yüksək səviyyədə istifadə edərək məmur və vətəndaş ünsiyyətinin azaldılması, yəni bütün bu işlərin elektron daşıyıcılar vasitəsilə həyata keçirilməsi kimi məsələlərin hər biri korrupsiyanın aradan qaldırılması üçün görülən ən böyük işlərdir".

Aydın Hüseynov ünvanlı sosial yardımların verilməsinə və ipoteka kreditlərinə də toxundu. Vurğuladı ki, bu işlərin elektron şəkildə həyata keçirilməsi şəffaflığı ortaya qoyur: "Korrupsiyanın qarşısının alınması istiqamətində ünvanlı sosial yardım sahəsində son dövrlərdə görülən ən böyük işləri belə şərh etmək olar:

Ünvanlı sosial yardımı alan şəxslərin ad və soyadlarının elektron sistemində yerləşdirilməsi nəzərdə tutulur ki, bu vaxt ictimai nəzarət yaranmış olacaq. Yəni ünvanlı sosial yardım alan vətəndaşın buna laiq olub olmadığını onu tanıyanlar da biləcəklər. Çünki hər bir kəs öz qonşusu və ya tanışını burada görə biləcək. İctimai qınaq yeri yaranır ki, mənfi hallar baş verməsin. İnzibati tədbirlərin həyata keçirilməsi ilə yanaşı, inzibati mərhələyə aparan yolun özü də tənzimlənməlidir. Sistem yenilənməli, müasir formaları ortaya qoyulmalıdır. Hazırda bütün bunlar həyata keçirilməkdədir.

İpoteka kreditlərin verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi kimi hallar artıq korrupsiyanın qarşısının alınması üçün ən böyük atılan addımlardır. Eyni zamanda cənab Prezident bu sahədə hüquq mühafizə orqanlarının üzərinə düşən vəzifələrini yerinə yetirmələri istiqamətində daha da səmərəli işlər görmələri ilə bağlı tapşırıqlar verib. Prezident Administrasiyası nəzdində korrupsiya qarşı mübarizə komisiyası var ki, həmin komisiya vasitəsi ilə bu işlər idarə olunur. Həmin komissiyaya töhfələr verilir, görülən işlər təhlil edilir.

Eyni zamanda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Burada ilk növbədə korrupsiyanı yaradacaq amillərin aradan qaldırılması üçün müasir texnologiyalardan istifadə olunması çox səmərəli şəkildə həyata keçirilir. ASAN xidmətin bu sahədə atılmış ən böyük addımlardan biri olduğunu bir daha qeyd etmək istəyirəm. Eyni zamanda icra hakimiyyəti orqanlarında təkmilləşdirmə işlərinin aparılması kimi işlərin hamısı, korrupsiyaya aparıb çıxaracaq yolların bağlanması deməkdir".

A.Hüseynov qeyd etdi ki, prezident İlham Əliyevin tapşırığı ilə nazirlər və dövlət nümayəndələri regionlarda vətəndaşlarl mütəmadi olaraq görüşlər keçirir. Bütün bunlar korrupsiyanın qarşısının alınması istiqamətində atılan ciddi addımlardır: "Korrupsiyaya qarşı mübarizənin ən effektiv hissələrindən biri də hökumət nümayəndələri, nazirlərin mütəmadi olaraq regionlarda vətəndaşları qəbul etməsidir. Bütün bu işlər cənab Prezidentin tapşırığı ilə həyata keçirilir. Ümumiyyətlə götürdükdə korrupsiya ilə mübarizəyə prezident İlham Əliyev ciddi şəkildə yanaşır və kəskin addımlar atır. Korrupsiya ilə bağlı öz fikirlərini də deyib. Bu sahədə həyata keçirilən işlərin istiqamət vericisi əlbəttə ki, cənab prezidentdir. Nazirlərin yerlərdə vətəndaşlarla açıq söhbət aparması, görüşlərin keçirilməsi də korrupsiya hallarının qarşısının alınmasına öz töhvəsini verir. Bunun effekti ondan ibarətdir ki, hər hansı bir sahəyə rəhbərlik edən nazir və yaxud da hökumət nümayəndəsi regionlarda vətəndaşlarla açıq görüş keçirir və vətəndaşlar onlara öz istəyini bildirir, öz şikayətini deyir. Artıq bu hal mütəmadi xarakter daşıdığı üçün yerdəki məmurlar bilirlər ki, hər hansı bir səhvi buraxarsa vətəndaş bu problemi birbaşa onun nazirinə şikayət edəcək, yəni məsələni qaldıracaq. Bütün bu görüşlər korrupsiyanın aradan qaldırılması ilə bağlı, korrupsiya ilə ən düzgün mübarizə aparılması istiqamətində atılan çox gözəl yollardan biridir. Bu da öz effektini verməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə