ABŞ-ın Azərbaycandakı yeni səfirinin videomüraciəti yayılıb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekutanın videomüraciəti yayılıb. O, müraciətində bəzi fikirləri Azərbaycan dilində ifadə edib. ABŞ səfirliyinin "Facebook" səhifəsində yerləşdirilən müraciətdə R.Sekuta Prezident Barak Obamanın Azərbaycanda xidmət göstərmək üçün onun namizədliyini irəli sürməsindən şərəf duyduğunu bildirib. O deyib: "Çox şadam ki, sizi beynəlxalq münasibətlər fakültəsində təhsil almağa başladığım Corctaun Universitetinin "Riggs" kitabxanasından salamlayıram. Mən 36 ildən çoxdur ki, ABŞ diplomatıyam və müxtəlif yerlərdə çalışmışam".

R.Sekuta Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra iki ölkənin güclü əməkdaşlıq qurduğunu və bir sıra eyni məqsədləri bölüşdüyünü söyləyib. O bildirib ki, regional təhlükəsizlik və iqtisadi inkişaf, xüsusilə gənclərin işlə təmin olunması münasibətlərimizin iki əsas prioritetidir. Üçüncüsü demokratik inkişafdır. Hər üçü Azərbaycanın sabitliyi baxımından labüddür və ikitərəfli münasibətlərimiz üçün mühümdür. "Səfir olaraq bütün azərbaycanlılarla bu prioritetlər üzərində işləməyi, xalqlararası əlaqələrimizi dərinləşdirməyi və genişləndirməyi səbirsizliklə gözləyirəm. Qarşılıqlı anlaşmaya əsasən biz ölkələrimizi daha da yaxınlaşdıra bilərik", - deyə diplomat əlavə edib.

R.Sekuta deyib: "Həyat yoldaşım Ann mənimlə birlikdə Azərbaycana gələcək. Şah plovun dadına baxmağı, sizin zəngin tarix və mədəniyyətinizlə tanış olmağı səbirsizliklə gözləyirik. Sizcə, biz ilk olaraq haraya səfər edək - Beşbarmağa, Yanardağa, yoxsa Qobustana? Səfirliyimizin "Facebook" səhifəsində öz fikirlərinizi bölüşün. Orada, həmçinin ABŞ-Azərbaycan əlaqələrinin zənginləşdirilməsi yolları barədə də fikir mübadiləsi apara bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...