Cənub qonşumuzla elmi əlaqələr genişlənir

Cənub qonşumuzla elmi əlaqələr genişlənir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikası xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. AMEA-dan bildiriblər ki, görüşdə akademik Akif Əlizadə Azərbaycan – İran əlaqələrinin tarixindən, hər iki ölkənin alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən söz açıb, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

AMEA-nın rəhbəri akademiyanın tarixi və bu qurumun noyabrda keçiriləcək 70 illik yubileyi ilə bağlı tədbirlər barədə məlumat verib. O, AMEA-da aparılan tədqiqatların istiqamətlərindən, həmçinin son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi sahəsində görülən işlərdən danışıb. AMEA-da elm və təhsilin inteqrasiyası, eləcə də bu istiqamətdə həyata keçiriləcək layihələrdən söhbət açan akademik A.Əlizadə İran elminin yeniliklərini yüksək qiymətləndirib.

H.Süleymanpur səmimi görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərilən dəstəyə görə minnətdarlığını bildirib. O, İran İslam Respublikasında elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və digər istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri barədə məlumat verib. Qonaq, eyni zamanda, AMEA-nın rəhbərini elmi əməkdaşlığın genişləndirilməsi məqsədi ilə ölkəsinə səfərə dəvət edib.

Sonra tələbə və doktorantların təcrübə mübadiləsi imkanları, Xəzər dənizində birgə bioloji və geoloji tədqiqatların aparılması, palçıq vulkanlarının müştərək araşdırılması barədə geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə