Niyə insanlar cəmiyyətdə baş verənlərə laqeyd yanaşır? MÜNASİBƏT
"Son zamanlar insanların gözü qarşısında müəyyən cinayətlər və ya zorakılıqlar baş verir. Lakin cəmiyyət buna laqeyd yanaşır". Bunu SİA-ya açıqlamasında psixoloq Təhminə Çələbi söyləyib. Bildirib ki, bu cür halların baş verməsi digər insanların aqressiyasından ehtiyat etmələri ilə də bağlı ola bilər: "Bəzən insanlar fikirləşir ki, onun mənimlə heç bir işi yoxdursa bu məsələyə qarışmayım. Sovet dövründə birinin evində qonşularının səsi möhkəm gəlirdisə, qonşulardan digəri mütləq polisə zəng edirdi. Düşünürdülər ki, hər hansı bir xoşagəlməz hadisə baş verə bilər. Təəssüf ki, indi bəzi insanlar müstəqilliyi tamam başqa cür anlayır. Çünki biz hələ azadlığa və avropalaşmağa tam hazır deyilik. İnsanlarda belə psixologiya yaranıb ki, əgər azadıqsa hər şeyi edə bilərik. Bir insanın gözü qarşısında hadisə baş verirsə buna etinasız yanaşmaq olmaz. İnsanların hər şeyə soyuqqanlı yanaşması normal hal deyil. Burada psixoloji faktorlar çox önəmlidir. Bizim millətin əksəriyyətinin psixoloji problemləri mövcuddur. Bəzən bunu ağır xasiyyət kimi qiymətləndirirlər. Ancaq həmin şəxslərin patoloji problemləri var. Onlar mütləq müalicə almalıdırlar. Onu da deyim ki, bəzən psixi problemləri olan şəxsləri evləndirirlər ki, ailə qurduqdan sonra düzələcək. Bu hərəkət tamamilə yanlışdır. Evlilik psixoloji xəstəliklərin dərmanı deyil. O cür insanları evləndirirlər və daha sonra psixi problemi olan şəxs həyat yoldaşını qətlə yetirir, övladını boğub öldürür. Təəssüf ki, bəzən ailələr digər tərəfin həyatını təhlükə qarşısında qoyaraq bu cür insanların xəstəliklərini gizli saxlayırlar. Sonda da ailə faciələrinin baş verməsi qaçılmaz olur".
İlahiyyatçı Hacı Seyidağa: "İnsanlara qarşı törədilən vəhşilik, xüsusilə də meydanlarda, hər kəsin gözü qarşısında bir insanın qətlə yetirilməsi dinimizin tamamilə rədd etdiyi nüansdır. Müsəlmanın meydanlarda yandırılması, digər insanların buna kənardan sakit izləməsi islam dinində qəbul edilmir. Dinimizdə nəinki insanı, hətta heyvana belə əziyyət, cəza vermək olmaz. Tarixdə də çoxlu faktlar var ki, xəndəklər qazılıb və insanları diri-diri ora atıb yandırırdılar. İslam dinində lənətləmək yoxdur. Ancaq bacarsaydım o cür insanları lənətləyərdim. İslam dini sevgini, mərhəməti, sülhü əmr edir. Bu cür cinayətlərin törədilməsi isə dinimizə ziddir. Qan tökmək, öldürmək, acı çəkdirmək İslam dinindən tamamilə uzaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB