Vətəndaşların müraciət etmək hüququ qaydaları dəyişdirilir

Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclası keçirilib. İclasda çıxış edən komitə sədri Rəbiyyət Aslanova əvvəlcə 2014-cü ilin payız sessiyasında komitənin gördüyü işlər barədə məlumat verib.

Daha sonra komitənin 2015-ci il yaz sessiyasında işlər planı təsdiq edilib.

İclasda "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi də müzakirəyə çıxarılıb.

Komitə sədri Rəbiyyət Aslanova bildirib ki, yeni qanun layihəsi 1997-ci ildə qəbul olunmuş "Vətəndaşların müraciət qaydaları haqqında" qanunun tamamilə yenidən işlənmiş formasıdır.

R. Aslanova qeyd edib ki, hazırda qüvvədə olan qanuna görə, vətəndaşların müraciəti təklif, ərizə və şikayət formasında nəzərdə tutulurdusa, yeni qanunda bu artırılıb. Qanuna hazırda qüvvədə olan müraciət formasından başqa elektron, şifahi, yazılı, telefon, anonim, kollektiv müraciət, teleradio vasitəsilə edilən müraciətlər də daxildir.

Komitə sədri vurğulayıb ki, qanun qüvvəyə mindikdən sonra bütün aidiyyəti qurumlar sadalanan müraciətlərin cavablandırılması üçün məsuliyyət daşıyacaqlar və qanunun pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradır.

Daha sonra "Siyasi partiyaalar haqqında" və Dini etiqad azadlığı haqqında" qanun dəyişikliklər müzakirə edilib.

Qeyd olunan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...