Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, ötən il Ədliyyə Nazirliyi tərəfindən 720 qanunvericilik aktının layihəsi hazırlanıb. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən 2.650 belə akt hüquqi ekspertizadan keçirilib, 2.170 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Reyestrin elektron variantının (huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasının (e-qanun.az) ictimaiyyət üçün açıqlığı təmin edilib, qanunvericilik bazalarına vətəndaşlar tərəfindən 180 minə yaxın başçəkmə olub.

Nazirliyin rəhbərliyinin bölgələrdə səyyar qəbulları davam etdirilib, 12 bölgədə keçirilmiş qəbullarda 50-dən çox şəhər və rayon üzrə 656 vətəndaş qəbul edilərək onların müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə, digərlərinin isə araşdırılaraq həll olunması üzrə tədbirlər görülüb.

2014-cü ildə 365 mindən çox vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, notariat hərəkətinin sayı isə 3.8 milyonu ötüb. Ölkədə xüsusi notariat institutunun geniş tətbiqinin bu işə əlavə töhfə verdiyi nəzərə alınaraq onların sayı 111-ə çatdırılıb ki, bu da notariat korpusunun 2/3-ni təşkil edir.

Notariuslar tərəfindən əmlakın yüklülüyü barədə məlumatın onlayn rejimdə dərhal əldə edilməsi, alqı-satqı müqaviləsinin cəmi 1 gün müddətində notariat qaydasında rəsmiləşdirilməsi "Doing Business 2015" hesabatında təqdir edilib, həmçinin Azərbaycanın reytinqinin yüksəldiyi, ən çox islahat aparan 10 ölkə sırasında qərarlaşdığı, sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, daşınmaz əmlakın qeydiyyatı və s. üzrə ciddi irəliləyişləri qeyd olunub.

Vətəndaş cəmiyyətinin inkişafı dövlətimizin diqqət mərkəzində saxlanılaraq qeyri-kommersiya təşkilatlarının sayı 4.000-i ötüb, KİV-lərin sayı isə 5.000-ə çatmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...