Kəmalə Məmmədova: “Azərbaycanda məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır”

Kəmalə Məmmədova: “Azərbaycanda məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır”

"Qadın və Uşaqların Problemlərinin Araşdırılması" ictimai birliyi tərəfindən irəli sürülən "Gənclərin məişət zorakılığı ilə bağlı hüquqi maarifləndirilməsi" layihəsi çərçivəsində gənclər arasında məişət zorakılığı haqqında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir. SİA-nın məlumatına görə, QUPAİB-in əməkdaşları layihə çərçivəsində Hacıqabul, Şamaxı rayonlarında olublar.

Maarifləndirmə tədbirlərində iştirak edən QUPAİB-in sədri Kəmalə Məmmədova qeyd edib ki, məişət zorakılığı Azərbaycan cəmiyyəti üçün hal-hazırda xarakterik olan problemlərdən biri kimi qalmaqdadır: "Nəinki Azərbaycan eləcə də bu gün inkişaf etmiş bir sıra dövlətlərdə məişət zorakılığı əleyhinə ciddi mübarizə aparılır. 2010-cu ildə ölkəmizdə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması bu sahədə dövlət səviyyəsində atılan mühüm bir addım idi. Qanunda məişət zəminində fiziki, psixi, iqtisadi, cinsi zorakılıq halları, zərərçəkmişlərə yardım mərkəzi və bir çox hüquqi məsələlər ətraflı, aydın şəkildə göstərilib. Qanunun işləmə mexanizmi, gender sterotiplərinin aradan qaldırılması istiqamətində geniş auditoriyaların iştirakı ilə maarifləndirmə tədbirlərinin keçirilməsinə ciddi ehtiyac vardır. Xüsusilə də gənclərin (əsasən də qadınların) məişət zəminində baş verən zorakılıqların qurbanı olması onların bu sahədə daha çox maariflənməsinə zəmin yaradır".

Tədbirlərə bütün yaş kateqoriyalarından olan gənclər cəlb edilib, məişət zorakılığına aid maarifləndirici bukletlər çap olunub, paylanılıb, ehtiyac olduğu halda yerlərdə hüquqi və psixoloji yardımlar göstərilib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə