“Dünyanı bəzəyən Abbasın tarixi”

“Dünyanı bəzəyən Abbasın tarixi”

Bu gün AMEA A.A.Bakıxanov adına tarix İnstitutu, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin doğma dilimizə tərcümə olunmuş "Dünyanı bəzəyən Abbasın tarixi" kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın görkəmli orta əsr tarixçisi İsgəndər bəy Münşinin fars dilində yazdığı "Tarix-i aləmara-yi Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin bütöv halda doğma dilimizdə işıq üzü görməsi Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunda icra olunan "Azərbaycan tarixinə dair ilk mənbələrin nəşri" layihəsinin həyata keçirilməsi sayəsində əldə olunan növbəti uğur, həm də ən mühim nəaliyyətlərdən biridir. İsgəndər bəy Münşinin "Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin ana dilinə çevrilərək geniş oxucu kütləsinə təqdim olunması, hər şeydən əvvəl qədim tarixçilik ənənələrinə malik olan xalqımızın orta əsrlərdə də möhtəşəm tarix əsərləri yaratdığını sübut edir. Azərbaycanın orta əsrlər tarixini, xüsusilə Səfəvi imperiyasının tarixini araşdırmaq üçün son dərəcə qiymətli ilk mənbə olan "Tarix-i aləmara-yi Abbasi" əsərini doğma dilimizə Tarix institutunun aparıcı elmi işçisi, t.ü.e.d., prof. Şahin Fərzəliyev tərcümə edib.

Azərbaycan xalqının dövlətçilik tarixində böyük bir tarixi dövrü (235il) əhatə edən qüdrətli səfəvi imperiyası xüsusi yer tutur. Öz dövrünün beynəlxalq münasibətləri tarixində çox mühim rol oynayan bu Azərbaycan imperiyası ümumdünya tarixində dərin iz qoyub. Elə buna görə də Səfəvi tarixi heç zaman aktuallığını itirməyib. Azərbaycan xalqı Səfəvi dövlətinin yalnız idarəçiliyində və hərbi qüvvələrində deyil, ictimai-iqtisadi və mədəni həyatında da böyük rol oynamışdır. Təsadüfi deyil ki, Səfəvi tarixşilərinin ən görkəmlisi hesab olunan İskəndər bəy Münşi də məhz Azərbaycan türküdür. Görünür elə bu səbəbdəndir ki, müəllif öz doğma tarixinə, Azərbaycan Səfəvilər sülaləsinin ən qüdrətli nümayəndəsi böyük hökmdar Şah Abbasa olduqca mükəmməl bir əsər həsr edib. İskəndər bəy Münşinin adı çəkilən əsəri üç cilddən ibarətdir. Əsər Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair faktiki materialla zəngindir. Bu əsər elə bir qiymətli tarixi qaynaqdır ki, onun köməyi olmadan Səfəvilər dövrünü hərtərəfli və dərindən araşdırmaq, demək olar ki, mümkün deyil. Orta əsr Azərbaycan tarixçisi İskəndər bəy Münşinin bu qiymətli kitabının öz doğma dilində çap olunması Azərbaycan tarixşünaslığı və ğlkəmizin elmi ictimaiyyəti üçün çox qiymətli töhfədir.

Bütün xəbərlər Facebook səhifəmizdə