150 yaşlı Əliağa Şıxlinski FOTOLAR

Qazaxda generalın yubiley tədbirləri çərçivəsində mərasim keçirilib
150 yaşlı Əliağa Şıxlinski FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin general, görkəmli hərbi xadim Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında 2014-cü il 20 noyabr tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində görkəmli sərkərdənin həyat və fəaliyyətinə həsr edilmiş tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Bu gün Qazax şəhərindəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə general Əliağa Şıxlinskinin 150 illik yubiley tədbirləri çərçivəsində təntənəli mərasim keçirilib.

Yubiley mərasiminin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qazax şəhərindəki abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini dərin ehtiramla anıblar.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Milli Məclisin deputatları Əhməd Vəliyev, Xanhüseyn Kazımlı, akademik Teymur Bünyadov, kinorejissor, əməkdar incəsənət xadimi Ziya Şıxlinski, "Qazax" Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov və başqaları yubiley mərasiminin iştirakçıları arasında olublar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tədbirdə çıxış ediblər.

Qeyd olunub ki, Qazax rayonu bu gün əlamətdar və tarixi günlərindən birini yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli hərbi xadim, tanınmış hərbiçi alim, general Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən bu gün rayonda yubiley tədbirlərinə start verilir. Qazax mahalı yetişdirdiyi elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri, eləcə də görkəmli hərbi xadimləri ilə həmişə fəxr edib. Onlardan biri də Əliağa Şıxlinskidir.

Bildirilib ki, Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Əliağa Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib, 1904-1905-ci illər rus-yapon müharibəsində əsl qəhrəmanlıq nümunəsi göstərib, az vaxtda çar ordusunda general-mayor rütbəsinə yüksəlib. Qısa Çar Rusiyası ordusunun aparıcı mütəxəssislərindən, hərb elminin görkəmli simalarından birinə çevrilib.

Əliağa Şıxlinski Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərib, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin Silahlı Qüvvələrinin formalaşdırılmasına böyük töhfələr verib

Mərasimdə Vətən haqqında şeirlər və Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı "Çırpınırdı Qara dəniz" mahnısı səsləndirilib.

Polkovnik Abdulla Qurbaninin aparıcılığı ilə davam edən tədbir ədəbi-bədii kompozisiya ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə