İbrahim Məmmədov: “382 Ahıska Türkü Gürcüstan vətəndaşlığını əldə edib” AÇIQLAMA

İbrahim Məmmədov: “382 Ahıska Türkü Gürcüstan vətəndaşlığını əldə edib” AÇIQLAMA

"Bu günə kimi Azərbaycanda yaşayan 5428 Ahıska Türkü ailəsinin vətəndaşlıqla bağlı müraciəti Gürcüstana verilib. Onlardan 1700-ə yaxın Ahıska Türkünə repotriant (vətəndaşlığa bərpa) statusu verilib". Bu sözləri bu gün SİA-ya açıqlamasında Ahıska Türkləri Vətən İctimai Birliyinin sədri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, artıq 382 nəfər Ahıska Türkünə Gürcüstan dövləti vətəndaşlıq verib. Onlar istənilən vaxt bu ölkəyə köçüb yaşaya bilərlər: "Bu statusları əldə edən şəxs Gürcüstan qanunlarına görə, bu ölkənin prezidentinə vətəndaşlıqla bağlı müraciət etməlidir. İndiyə qədər status əldə etmiş 1700 nəfərdən 659-u Gürcüstan vətəndaşlığına müraciət edib. Müraciət edənlərdən 382 nəfər Ahıska Türkü artıq Gürcüstan vətəndaşlığını əldə edib. Lakin onlar hələ də Azərbaycanda yaşamaqdadırlar. Gürcüstan vətəndaşlığını əldə etmiş Ahıska Türkləri istənilən vaxt Gürcüstana gedərək vətəndaşlıq pasportlarını ala bilərlər".

İbrahim Məmmədov həmçinin vurğuladı ki, Gürcüstanda bir neçə qurumla görüşlər keçirmişik. Artıq Ahıska Türkləri Gürcüstanın istənilən bölgəsində sərbəst şəkildə yaşaya bilər: "Biz artıq Gürcüstanın Köç və İnteqrasiya naziri ilə görüş keçirtdik. Azərbaycan – Gürcüstan dostluq qrupu ilə də Noyabrda görüş keçirmişik. Artıq 2014-cü ilin sonunda bizə rəsmi məlumat daxil oldu ki, Ahıska Türkləri Gürcüstanın istənilən bölgəsində yaşaya bilər. İstər sürgündən öncə yaşadıqları evi ala bilər, istər Tiflis kimi böyük şəhərdə, istər Kaxetiya və ya Mesxetiyanın hər hansı bölgəsində sərbəst şəkildə yaşaya bilərlər. Köç məsələsində Gürcüstan bizim üçün heç bir çətinlik yaratmır. 2000-ci illərdə Gürcüstanın Ahıska Türkləri üçün qadağan etdiyi Mesxetiya və Cavaxetiya bölgəsində yaşamamaq məsələsi bu gün artıq ortadan qaldırılıb. Yəni Ahıska Türkləri Gürcüstanda sərbəst şəkildə istənilən bölgəsində yaşaya bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə