Rusiya erməniləri qəbul etmir

Son aylar Ermənistan vətəndaşlarının Rusiyaya girişinin qarşısı daha çox alınmağa başlayıb. SİA xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun İrəvan bürosu məlumat verir. Qeyd olunduğuna görə, Rusiyaya buraxılmayan o adamlardır ki, onlar miqrasiya qanunvericiliyində nəzərdə tutulan müddəaları pozublar. Ermənistan vətəndaşlarının qara siyahıları da artır. Belə ki, ötən ilin payızında qara siyahıya düşənlərin sayı 30-35 min idisə, hazırda söhbət 50-60 min nəfərdən gedir.

Əlavə olaraq, 150-160 min Ermənistan vətəndaşı risk qrupunda yer alır. Onlar hələ ki, Rusiyada olsalar da, həmin ölkənin ərazisini tərk etdikdən sonra yenidən oraya dönə bilməyəcəklər.

Ermənistanın miqrasiya xidmətinin rəisi Qagik Yeqanyan məsələ ilə bağlı bildirir ki, onlara müraciət edənlərin sayı artır. "Hər gün bizim xidmətə 50-60 vətəndaş müraciət edir. Eyni zamanda bizə vilayət administrasiyalarından da müraciətlər daxil olur"-deyə o bidirib.

Miqrasiya xidmətinin rəisi edilən müraciətlərə Rusiya tərəfindən müsbət rəyrlərin az verildiyini də deyib: "Rusiyadan olan cavablar 22-23% təşkil edir. Aparılan danışıqlar da hələ ki, istənilən nəticələri vermir."

Rəsmi məlumatlara görə, hər il 200 min Ermənistan vətəndaşı Rusiyaya iş axtarmağa gedir. Həmin ölkədə uzunmüddətli qalmaq istəyən ermənilər isə 70%-i əhatə edir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə