Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdə məsələlərlə tanış edib.
Akademik AMEA-nın Kimya Elmləri və Yer Elmləri bölmələrinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında danışıb. Əvvəlcə Kimya Elmləri Bölməsinin (KEB) hesabatı dinlənilib. KEB-in ötən ilki fəaliyyəti haqqında məruzə ilə çıxış edən bölmənin akademik-katibi, akademik Dilqəm Tağıyev bildirib ki, hesabat ilində bölmənin institutlarının fəaliyyətində ölkə başçısının "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strateqiya" və bu sənədin həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı, "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı tədbirlər planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsas götürülüb. Akademik ötən il həyata keçirilmiş mühüm işlərdən danışıb. Hesabat ilində fosfor və azot tərkibli gübrələrin, müxtəlif bitkilərin əkin sahələrində sınağı keçirilib, üzümçülükdə oidium xəstəliyinə qarşı geniş çöl sınaqların davam etdirilib, neft distillatlarından üzvi absorbentlə naften turşusunun çıxarılma texnologiyasının işlənib hazırlanıb, dəniz və çay suyu ilə soyudulan qapalı soyutma sistemlərini korroziyadan qorumaq üçün çoxfunksiyalı effektiv inhibitorlar və polistirol qətranı əsasında korroziyaya qarşı örtüklər alınıb və tətbiq edilib, sənaye mənşəli tullantı sularından nikel, kobalt və kadmium ionlarından çıxarılılıb və qatılaşdırılıb, həmçinin Ağ Naftalan yağının təcrübi-sənaye istehsalının təşkil olunub. Bölmə institutlarında 19 patentin alınması da 2014-cü ilin uğurlu fəaliyyəti sırasına daxildir.
D.Tağıyev bildirib ki, hesabat ilində "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasının əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında Məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı üzrə Dövlət Proqramı", "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramlarının müvafiq bəndlərinə uyğun tədbirlər həyata keçirilib. Həmçinin, AMEA tərəfindən xüsusi maliyyələşdirilən "Bərpa olunan bitki mənşəli alternativ enerji mənbələri əsasında yanacaq və sürtkü yağları komponentləri almaq üçün katalitik sistemlərin yaradılması" və "Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması" elmi-texniki proqramları üzrə işlər görülüb.
İclasda "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində reallaşdırılan tədbirlər haqqında məlumat verilib. Bildirilib ki, AMEA və "Det.Al Holding" arasında Daşkəsən Aluniti filizinin emalının yeni üsulu layihəsi çərçivəsində birgə əməkdaşlıq haqqında saziş bağlanılıb, "Xüsusi təyinatlı yeni kimyəvi məhsulların alınma texnologiyasının işlənib hazırlanması və təcrübə-sənaye istehsalının təşkili" üzrə proqram tərtib və təqdim olunub, "Azərkimya" İstehsalat Birliyi ilə Bölmənin İnstitutları arasında əməkdaşlıq üçün təkliflər hazırlanıb, "Kaspian İncinerinq Kompani" MMC ilə "Ağır neft qalıqları-mazut və qudrondan katalizatorun iştirakı ilə açıq rəngli neft məhsullarının (benzin, kerosin, dizel) alınması prosesinin işlənib hazırlanması" adlı təsərrüfat müqaviləsi imzalanıb.
"Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə institutlarda hesabat ilində görülmüş işləri xatırladan bölmənin akademik-katibi qeyd edib ki, yerli xammal əsasında həm şirin, həm də dəniz sularında yüksək işləmə qabiliyyətinə malik yeni "Naftapen" adlı çoxfunksiyalı köpükəmələgətirici kompozisiya yaradılıb və Fövqəladə Hallar Nazirliyinin təcrübə-sınaq poliqonunda sınaqdan keçirilib. Həmçinin, müalicəvi Naftalan neftindən ekstraksiya metodu ilə alınmış aromatiksizləşdirilmiş Ağ Naftalan yağı dərman preparatı kimi Səhiyyə Nazirliyində qeydiyyatdan keçib. Parafinli Neftlərin Bakı-Ceyhan xətti ilə nəqlini təmin edən neftin donma temperaturunu aşağı salan Aşqar-"Depressator AKİ" işlənib hazırlanıb, modul elektrik stansiyalarda istifadə olunan "Musella-40" motor yağının istismar müddətindən sonra regenerasiya texnologiyası yaradılılıb və "Az.Enerji"yə təqdim edilib.
Hesabat ilində bölmənin institutlarında beynəlxalq elmi əlaqələrin davam etdirildiyini vurğulayan D.Tağıyev Almaniyanın Schulke & Mayr GmbH, Special Additives İnternational şirkəti ilə bioloji-aktiv maddələrin yaradılması sahəsində birgə elmi-tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Haqqında Memorandum imzalandığını vurğulayıb. Həmçinin, İspaniyanın Donostiya Beynəlxalq Fizika Mərkəzi, Hollandiyanın "Advanced Nanofiber Company" şirkəti və Moskva Dövlət Universitetinin Kimya fakültəsi, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya İnstitutu və Belarus Elmlər Akademiyasının Fiziki Üzvi-kimya İnstitutu ilə elmi-texniki əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Sonra Yer Elmləri Bölməsinin (YEB) akademik-katibi, akademik Fəxrəddin Qədirov bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, innovasiyalı tədqiqat işlərinin nəticələrinin səmərəli tətbiqi, elmi tədqiqatların təbliği, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, elmi fəaliyyətdə İKT-nin tətbiqinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyası, qrant və büdcə vəsaitləri hesabına laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsi, AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədirlərin icrası Bölmə Bürosunun diqqət mərkəzində olub. Akademik vurğulayıb ki, ötən il bölmənin müəssisələrinin elmi-tədqiqat işlərinin planına həm fundamental elmi-tədqiqat işləri, həm də tətbiqi xarakterli elmi-texniki tədqiqatlar daxil edilib.
F.Qədirov qeyd edib ki, 2014-cü ildə İnstitutun prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyəti əsasən "2007-2014-cü illər ərzində Cənubi-Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı" nın icrası ilə bağlı olub. Cənubi-Xəzər çökəкliyi sahəsində aparılan kompleks fundamental tədqiqatlar nəticəsində karbohidrogen resurs mənbələri aşkarlanıb, onların hasilat imkanları proqnozlaşdırılıb və geodinamik modeli verilib. Alınmış nəticələrin respublika iqtisadiyyatının uzunmüddətli davamlı inkişafının təminində əhəmiyyətli rolu olacaq. Akademik ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının məşğulluq strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "Yanacaq Enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı", "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da bölmənin elmi və texnoloji potensialının istifadəsini nəzərdə tutan müvafiq bəndlər üzrə tədbirlər icra olunduğunu vurğulayıb. Həmçinin, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nda, "Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı"nda, 2014-cü ilin Azərbaycan Respublikasında Sənaye ili elan edilməsi ilə bağlı Respublika Prezidentinin Sərəncamında, "Azərbaycan – 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində 2014-cü il üçün Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirildiyini əlavə edib.
Hesabat ilində Azərbaycan alimləri tərəfindən ilk dəfə "Dünya palçıq vulkanları Atlası" hazırlanıb. Alp-Himalay və Sakit okeanı tektonik qurşaqlarda yerləşən dünyanın 42 ölkəsi, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərin zonalarında intişar edən palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib təhlil edilərək, onların morfologiyası, struktur mövqeyi və püskürmə məhsulları atlasda ətraflı şərh olunub.
Akademik F.Qədirov bildirib ki, bölmənin əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq əməkdaşlıq olub. Belə ki, bölməyə daxil olan İnstitutlar ilə beynəlxalq təşkilatlar, xarici ölkələrin tanınmış elmi tədqiqat və ali təhsil qurumları, şirkətlər, fondlar arasında müqavilələr imzalanıb, Elmi-tədqiqat, təcrübə, mübadilə, kadr hazırlığı, yeni müasir avadanlıqların mənimsənməsi və istifadəsi layihələri, konfransların, seminarların təşkili, nəşr fəaliyyəti, səfərlər, sərgilər və digər tədbirlər çərçivəsində işlər görülüb. Həmçinin, bölmənin 3 alimi xarici beynəlxalq akademiyalara üzv seçiliblər. Beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və ANTELOPE Sistemi İstifadəçiləri Qrupunun (AUG) təşkilatçılığı ilə "Seysmologiya, mühəndis seysmologiyası və ANTELOPE Sistemi İstifadəçiləri Qrupunun" Altıncı Beynəlxalq Konfransı, "Yer kürəsinin gələcəyi, fəlakət riski və davamlılıq" adlı seminar keçirilib. Rusiya Elmlər Akademiyası (REA) Yer Elmləri Bölməsi ilə görüşdə iki tərəf arasında yeni birgə tədqiqat imkanları müzakirə edilib, ilkin tədqiqat kimi "Xəzər dənizi və onun ətraf regionlarının atlası"nın yaradılması vacib hesab olunub. Müzakirələr zamanı Yer elmləri sahəsində ötən illərdə yaranmış elmi əlaqələrin daha da inkişaf etdirilməsi mühüm məsələ kimi qeyd edilib, Qafqaz-Xəzər regionunun geodinamik şəraitinin, geoloji təhlükələrin, karbohidrogen sistemlərinin, həmçinin palçıq vulkanizminin və ekoloji problemlərin birgə tədqiq edilməsinin prioritet istiqamət kimi qəbul edilməsi haqqında razılıq əldə olunub.
Məruzədə qeyd edilib ki, bölmənin üzvləri və əməkdaşlar ilk dəfə baş tutan "Bakı Elm Festivalı" çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər. AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar tələb olunan məlumatlar toplanıb və müvafiq qaydada təqdim olunduğunu bildirən F.Qədirov bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb. Akademik YEB-in növbəti illərdə də əsas məqsədlərinin tədqiqatların keyfiyyətinin yüksəldilməsi, xarici elmi əlaqələrin intensivləşdirilməsi, beynəlxalq elm aləmində nüfuz qazanmaq, kadr hazırlığı, innovativ proqramların həyata keçirilməsinə köməklik göstərmək, Azərbaycanın neft-qaz və faydalı qazıntı ehtiyatlarının artırılmasına, su təchizatına, ölkənin təbii fəlakətlərdən qorunması və ya zərərlərin azaldılması istiqamətinə aid strateji dövlət proqramlarında iştirak etmək olacağını bildirib. Rəyasət Heyətinin qərarı ilə hesabatlar təsdiq edilib, elmi istiqamətlər üzrə bölmələrə daxil olmayan elmi-tədqiqat, təhsil və sahə müəssisələrində əldə edilmiş və digər mühüm nəticələr bəyənilib bölmə üzrə statistik məlumatlar nəzərə alınaraq AMEA-nın illik hesabatına daxil edilib.
Sonda Rəyasət Heyətinin növbəti qərarı ilə kənd təsərrüfatı elmləri doktoru Fərman Quliyev AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB