Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda gündəliyə çıxarılan məsələlərdən biri də AMEA-nın Yer Elmləri Bölməsinin 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı olub. Hesabatda bölmənin mühüm nəticələrindən bəhs olunub.
Bildirilib ki, bölmə üzrə 9 akademik, 18 müxbir üzv çalışır. 2014-cü ildə bölmənin elmi istiqamətləri üzrə 14 problemə aid 36 mövzu üzrə 58 tədqiqat işi aparılıb, 1 mövzu və 22 iş tamamlanıb. Bölmənin 1 alimi "İstiqlal" ordeni, digər 1 alimi isə "Şöhrət" ordeni ilə təltif edilib. Bundan başqa 1 elmi işçisi "Gənclər üçün prezident mükafati"na layiq görülüb, 3 alim isə beynəlxalq akademiyalara üzv seçilib. Bölmənin elmi müəssisələrində 1062 nəfər işçi çalışır ki, bunlardan 495 nəfəri elmi işçidir. Elmi işçilərin 52 nəfəri elmlər doktoru, 157 nəfəri isə fəlsəfə doktorudur. Hazırda 22 əyani və 41 qiyabi doktorant təhsil alır. Ötən il 8 doktorant təhsilini başa vurub. Bundan əlavə, bölmə müəssisələrində 74 nəfər mütəxəssis dissertant kimi elmi tədqiqat işi aparır. Bölmə üzrə 18 dissertasiya işi müdafiə edilib, 5-i isə müdafiəyə hazırlanıb.
Sonra iclasda elmi nəşrlərlə bağlı statistik məlumatlar səsləndirilib. Qeyd olunub ki, alimlərin 3 monoqrafiyası, 2-si xaricdə olmaqla 5 kitabı, o cümlədən 16 dərslik və elmi-kütləvi nəşrləri dərc edilib. 2014-cü ildə ümumilikdə elmi mətbuatda 234 məqalə nəşr edilib ki, onlardan 45-i impakt faktorlu jurnallarda, 189-u isə digər nüfuzlu xarici elmi jurnallarda dərc olunub. Bölmə alimlərinin əsərlərinə 457 istinad olub. Tədbirdə qrant müsabiqələrinə təqdim olunan layihələrdən danışılıb. 25 qrant layihəsi üzrə işlərin plana uyğun icra olunması vurğulanıb.
Sonda bölmənin elmi müəssisələrində 2014-cü ildə alınmış mühüm nəticələr və statistik məlumatların AMEA-nın illik hesabatına daxil edilməsi ilə bağlı qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB