Los-Ancelesdə səfərdə olan Azərbaycan nümayəndə heyəti fevralın 3-də Şəhər Şurasının üzvü Paul Koretz ilə görüşüb. Görüşdə Azərbaycanın tolerantlıq ənənələri, bu sahədə nümunəvi rolu, ölkə rəhbərliyi tərəfindən bütün dini icmalara göstərilən qayğı, eləcə də Azərbaycanın qədim yəhudi icmasının tarixi, sülh və əmin-amanlıq şəraitində yaşaması məsələləri müzakirə olunub.
P. Koretz Los-Anceles şəhəri adından Azərbaycanın dağ yəhudilərinə ünvanlanmış təşəkkürnaməni nümayəndə heyətinə təqdim edib. Təşəkkürnamədə Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinin Los-Anceles şəhəri tərəfindən yüksək qiymətləndirildiyi bildirilir. Azərbaycanda qədim yəhudi icmasının bu gün də sülh, harmoniya və əmin-amanlıq şəraitində öz mövcudluğunu davam etdirərək gündən-günə inkişaf etdiyi qeyd olunur.

Həmin gün nümayəndə heyətinin üzvləri Los-Anceles Şəhər Şurasının iclasında P. Koretz tərəfindən təqdim olunub.
Xatırladaq ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Kaliforniyada səfərdə olan nümayəndə heyəti fevralın 2-də Amerika-İsrail İctimai Əlaqələr Komitəsi və Amerika Yəhudiləri Komitəsinin Los-Anceles bölməsinin idarə heyətinin üzvləri ilə, eləcə də UCLA Universitetindəki Hillel Yəhudi Mərkəzinin professorları və tələbələri ilə görüşüblər.
Nümayəndə heyətinin tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, ravvin Avraam İsakov daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB