Ramiz Quliyev: “Ünvan Reyestri İnformasiya Sistemi istifadəyə veriləcək” AÇIQLAMA
"Bakı şəhərinin 7 rayonunda kadastr işləri artıq yekunlaşıb. Hazırda Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işləri aparılır". SİA-nın məlumatına görə, bu sözləri Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin Direktoru Ramiz Quliyev Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən İctimai Təqdimat zamanı bildirib.
Onun sözlərinə görə, xaricdə yeni layihə əsasında Gəncə və Şəki şəhərlərinin bütün ərazisinin elektron kadastrı həyata keçiriləcək. Yaxın 3-4 il içərisində isə bütün respublikanın elektron kadastr məlumat bazası yaradılacaq: "Almaniyadan olan mütəxəssislərin iştirakı ilə "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsi həyata keçirilir. Layihə çərçivəsində Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılması işi icra olunur. 2016-cı ilin birinci yarımilliyində bu işin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin, respublikanın 53 şəhər və rayonları üzrə sadələşdirilmiş elektron kadastr məlumat bazasının yaradılması işləri yekunlaşıb. Beləliklə, 2015-ci ilin sonuna ölkəmizin kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazasına nail olunacaq. Yaxın 3-4 il ərzində Azərbaycan Respublikasının bütün ərazisindəki daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması işinin yekunlaşdırılması nəzərdə tutulur".
Ramiz Quliyev həmçinin vurğuladı ki, ünvan sahəsində işlər görülür. Bu ilin sonuna kimi Ünvan Reyestri İnformasiya Sistemi istifadəyə veriləcək. Həmçinin GPS navigatorlar üçün ünvanların məlumat bazası yaradılacaq: "Məlum olduğu kimi, vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvan məsələsidir. Ünvan sahəsində də ardıcıl fəaliyyət davam etdirilir. Hazırda Respublikada ünvanvermə işləri yeni qaydalar əsasında aparılır. 2015-ci ilin sonuna Ünvan Reyestri İnformasiya Sistemi ölkə üzrə tam istifadəyə veriləcək. Bu sistemin işə salınması bu ildən etibarən mərhələlərlə ünvanvermə sahəsində də elektron xidmətlər tətbiq edilməsinə imkan yaradacaq. 2015-ci ilin II yarısından etibarən nəqliyyat vasitələrində GPS navigatorlar üçün ünvanların məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur. 2015-2017-ci illərdə ölkə üzrə müasir dizaynlı ünvan lövhələrinin ölkə üzrə quraşdırılması işinin yekunlaşdırılması planlaşdırılır".
Bütün xəbərlər Facebook səhifəmizdə