Tatarıstan Azərbaycanı perspektivli tərəfdaş adlandırıb

Tatarıstan Azərbaycanı perspektivli tərəfdaş adlandırıb

Tatarıstan Azərbaycanı özünün perspektivli tərəfdaşı adlandırıb. Tatarinform xəbər verir ki, bu fikri Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyinin (İİA) rəhbəri Taliya Minullina agentliyin 2014-cü ildəki fəaliyyətinin yekunlarına və 2015-ci ilin vəzifələrinə həsr olunmuş iclasda səsləndirib.

T.Minullina Tatarıstan Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə fevralın 3-də keçirilən iclasda deyib: "Bu gün bizim perspektivli tərəfdaşlarımız Çin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Koreya, BƏƏ və İslam dünyasının digər ölkələridir. Biz sənaye istehsalının inkişafına, inşaata, kənd təsərrüfatına, daxili turizmə, elm və təhsil layihələrinə, təbabətə sərmayə yatırmalıyıq".

Tatarıstan Prezidenti Rüstəm Minnixanov respublikada investisiya fəaliyyətinin inkişafının əsas vəzifələrindən danışarkən bu sahədə işlərin sistemləşdirilməsini, sərmayədarlar üçün vahid və keyfiyyətli informasiya bazasının yaradılmasını, Tatarıstan məhsullarının ixrac həcminin artırılmasını, investisiya fəaliyyəti sahəsində mütəxəssislərin hazırlanmasını qeyd edərək deyib: "Biz sərmayədarlar üçün gözəl şərait yaratmalıyıq, axı, hər bir region investisiya almaq istəyir. Biz rəqabətədavamlı olmasaq, deməli, sərmayədar Ulyanovska, Başqırdıstana, Moskva vilayətinə gedəcək. Odur ki, fəal işləməliyik. Sərmayədarın rusiyalı, tatarıstanlı və ya əcnəbi olmasının bizim üçün fərqi yoxdur".

Tatarıstan Prezidenti Rüstəm Minnixanovun iştirakı ilə İİA kollegiyasının iclası çərçivəsində Tatarıstan Respublikasının Drojjanov Bələdiyyə Rayonu və Çinin Xebey əyalətinin Sahibkarlar Assosiasiyası, habelə İİA ilə Azərbaycanın "Benkons construction" şirkəti arasında sazişlər imzalanıb.

Xatırladaq ki, İİA-nın rəhbəri Taliya Minullinanın başçılığı ilə Tatarıstan Respublikasının nümayəndə heyəti ötən il dekabrın 21-23-də Azərbaycanda səfərdə olub. İşgüzar səfər potensial əməkdaşlığı və qarşılıqlı fəaliyyəti müzakirə etmək üçün "GİLAN Holding" və "Benkons Group" şirkətlərinin nümayəndələri ilə görüşmək məqsədi daşıyıb. Nümayəndə heyəti səfər çərçivəsində Qəbələ şəhərindəki "Gilan şəhərciyi"ndə olub, şəhərciyin qida sənayesi obyektlərinin fəaliyyəti ilə tanış olub. Qonaqlar "Qafqaz Hotels" şirkətinin otellərinə də baxıblar. Nümayəndə heyətinin üzvləri Bakıda "Benkons Group" şirkətinin nümayəndələri ilə görüşüblər. Görüşdə əməkdaşlığın perspektivli istiqamətləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə