Şimali Osetiya - Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti fevralın 3-də İçərişəhərlə tanış olub. Nümayəndə heyəti üzvlərinin İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılmış bu qala XII əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindrik formalı bu tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilisindən ibarətdir.
Bu ərazidəki Sıratağlı dini-memarlıq kompleksinin ekspozisiyası ilə tanışlıq nümayəndə heyətinin üzvlərinin böyük marağına səbəb olub.
Qonaqlar elektromobillərə minərək İçərişəhərdə gəzintiyə çıxıblar. Onlara UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu, burada aparılan təmir-bərpa və abadlaşdırma işləri barədə məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində yerləşən, müxtəlif yüzilliklərdə inşa edilmiş nadir tarix-memarlıq abidələri dövlət tərəfindən qorunur.
Nümayəndə heyətinin üzvləri Kiçik Qala küçəsindən gəzişərkən onları təndir çörəyinə qonaq ediblər.
Qonaqlar şərq memarlığı şedevrlərindən biri olan dünya əhəmiyyətli "Şirvanşahlar Sarayı kompleksi" tarix-memarlıq abidəsi ilə də tanış olublar. Onlara bildirilib ki, XV əsrin əvvəlində tikilmiş bu tarixi abidənin binaları İçərişəhərin ən yüksək nöqtələrindən birindəki təpədə yerləşir. Xəzər dənizindən və şəhərin ətrafındakı təpələrdən baxanda bu abidə aydın görünür. Kompleks bu gün də öz tarixi-memarlıq əhəmiyyətini saxlayır.
Qədim İçərişəhərlə tanışlıq qonaqlara çox güclü təsir bağışlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB